«Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır».
AZƏRTAC-ın xəbərinə görə, bunu mayın 1-də cəbhəyanı rayonlara səfər edən prezident İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu durumla heç vaxt barışmayacaq. O, təmas xəttində üstünlüyün Azərbaycan tərəfində olduğunu, döyüş mövqelərinin daha da gücləndiyini vurğulayıb.
Prezident sakinlərlə görüşündə həmçinin qeyd edib ki, Ermənistan tərəfinin təxribatına Azərbaycan Ordusu layiqli cavab verib.
O, cəbhə xəttində yaşamağı əsl vətəndaş nümunəsi kimi dəyərləndirib.
+++
Mayın 1-də İlham Əliyev və xanımı Mehriban Əliyeva erməni silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarında olublar.
AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gedib.
Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə ona məlumat verib.
Prezident İlham Əliyev hərbi hissənin qərargahı, yeməkxanası və kazarması ilə tanış olub. O, hərbçilərlə görüşüb, fərqlənən döyüşçülərə hədiyyələr təqdim edib.
Sonra prezident və xanımı aprelin 27-dən 28-nə keçən gecə hərbi əməliyyatlar zamanı zərər çəkmiş Tərtər şəhərində, təmas xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində olublar.
Dövlət başçısı və xanımı Ağdam rayonunun Mahrızlı kəndinə də baş çəkib, dağılmış evlərə baxıb, yerli sakinlərlə görüşüb, söhbət ediblər.
Prezident həmin evlərin tezliklə bərpa olunması ilə bağlı tapşırıq verib.
Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yolanıblar. Orada Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər.
Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hət iki tərəfdən onlarla əsgər həlak olandan sonra tərəflər aprelin 5-də yenidən atəşkəsə razılaşıblar. Buna baxmayaraq, tərəflər hələ də bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.
Azərbaycan aprelin son günlərində erməni qüvvələrinin top atəşləri nəticəsində Ağdam, Tərtər və Ağcabədidə onlarla evin dağıldığını bildirir. Qarşı tərəf də Azərbaycanı atəşkəsi pozmaqda ittiham edir.
Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ vilayəti və onun ətrafında 7 rayonu işğal edib. 1994-cü ildə atəşkəs imzalanıb sülh danışıqları başlasa da hələlik tərəflər arasında yekun sülhün şərtlərini razılaşdırmaq mümkün olmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?