Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədovun Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində müalicəsinə başlanıb.
Bu barədə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib.
Rəis müavini bildirib ki, H.Məmmədovun müayinələri yekunlaşıb və onun müalicəsinə başlanıb: "Müayinələr başa çatıb və onun xəstəliyi məlum olub. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub. Özü xəstəliyinin açıqlanmasını istəmir. Hazırda müalicələri davam etdirilir. Müalicələr nəticəsində Hacı Məmmədovun səhhətində müsbət dinamika əldə edilib. Hazırda vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur".
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan H.Məmmədov aprelin 25-də adıçəkilən müalicə müəssisəsinə müayinə məqsədilə daxil olub. Şikayəti əsasən tənəffüs problemləri ilə əlaqədar olub. H.Məmmədov İstintaq təcridxanasında saxlanılarkən bir çox xəstəliklərdən əziyyət çəkirdi.
Xatırladaq ki, ötən il oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra H.Məmmədov barəsində olan cinayət işinin yenilənməsi və işdə yeni hal olması ilə bağlı Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə və Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmə müraciəti plenuma çıxarmayaraq işi baxılmamış saxlayıb.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?