Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, bu gün Ermənistan tərəfi səhvən özünə məxsus pilotsuz uçuş aparatını vurub:
“Saat 13.20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA onların bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.
PUA-nın onların mövqelərinə yaxın əraziyə düşdüyünü bölmələrimiz müşahidə edib. Bu son həftə ərzində Ermənistan hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci "X-55" tipli PUA-dır”- deyə məlumatda qeyd edilir.
Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər. Ancaq Azərbaycan Müdafiə Nazirliyinin mayın 19-da yaydığı açıqlamada son gün ərzində atəşkəsin pozulması halının azaldığı qeyd edilirdi.
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.
1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?