Şəban ayı salik üçün xüsusi əhəmiyyətə malik olan bir aydır. İlahi övliyalar bu ayın gecə və gündüzlərinin qədrini hamıdan daha çox bilirdilər. Ona görə də onun bərəkətindən istifadə edirdilər.
gundemxeber.az deyerler.org-a istinadən bildirir ki, Səfvan ibn Mehran nəql edir ki, İmam Sadiq (ə) ona buyurdu: "Ətrafında olanları Şəban ayının orucuna təşviq et". Dedim: "Qurbanın olum! Bu ayın orucu üçün xüsusi fəzilət vardırmı?". Buyurdu: "Bəli, Allahın Peyğəmbəri (s) Şəban ayının hilalını görən zaman əmr edərdi ki, carçı Mədinə şəhərində car çəksin: "Ey Yəsrib əhli! Mən Allah tərəfindən göndərilmiş Rəsulam. Agah olun ki, Şəban - mənim ayımdır. Ona görə də Allahın rəhməti olsun o kəsə ki, bu ayda mənə yardım edər"". İmam (ə) davamında buyurur: "Əmirəl-möminin (ə) buyurub: "O zaman ki, Peyğəmbərin (s) Şəban ayı ilə bağlı çağırışını eşidirdim, ömrüm boyu Şəban ayının orucunu əldən verməzdim"". İmam Sadiq (ə) buyurur: "İki ay dalbadal oruc tutmaq - Allah tərəfindən olan (qəbul olunmuş) tövbədir". (Tebyan) Bəli, bu nurani hədisdən də göründüyü kimi, bu gözəl ayda ən fəzilətli əməllərdən biri - oruc tutmaqdır. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Şəban ayında oruc tutar - hər cür büdrəmədən, süstlükdən, kəskin qəzəbdən amanda olar". Əbu Həmzə nəql edir: "Həzrətə (s) dedim: "Süstlük nədir?". Buyurdu: "Allah günahına görə and içmək və Allaha itaətsizlik etməyi nəzir etmək". Dedim: "Kəskin qəzəb nədir?". Buyurdu: "Qəzəb halında and içmək"". İmam Əli (ə) buyurur: "Şəban ayının orucu ürəyin vəsvəsəsini və canın sıxıntısını aradan aparar". Bu ayın ən gözəl əməllərindən biri də istiğfar etməkdir. Hər gün 70 dəfə istiğfar etməyi unutmayın ki, çox böyük təsiri vardır. Bu aya məxsus başqa gözəl əməllərdən biri də başqalarına ehsan və yaxşılıq etməkdir. Ehsan və yaxşılıq etmək - möminin sifətlərindəndir ki, hər bir zaman və məkanda yerinə yetirməlidir. Ancaq bu ayda xüsusi əhəmiyyətə malikdir. Gözəl əməl insanın günahlarını paklayar və pis əməlləri həsənələrə çevirər. "Həqiqətən (namaz başda olmaqla)yaxşılıqlar günahları aradan aparır". ("Hud" 114). Bu ayda ehsan etməklə bağlı İmam Sadiq (ə) buyurur: "Hər kim Şəban ayında sədəqə verər, Allah o sədəqəni yetişdirər, necə ki, siz dəvə balasını yetişdirirsiniz. Qyamət günü həmin sədəqə Ühüd dağı boyda olaraq ona (sizə) çatacaqdır".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?