Masallı rayon ictimaiyyətinə ağır itki üz vermişdir. Pedaqogika üzrə fəlsəfə doktoru Şirəli Ağali oğlu Əhədov vəfat etmişdir. Şirəli Əhədov 18 iyul 1955-ci ildə Masallı rayonunun Lürən ərazisinin Pircana kəndində anadan olmuşdur. 1970-ci ildə Lürən kənd səkkizillik, 1972-ci ildə Musaküçə kənd orta məktəbini, 1977-ci ildə N.Tusi adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş, Masallı rayonunun Musaküçə kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Sonrakı illərdə rayon məktəblərində direktor müavini, direktor, RTŞ-nin metodisti, inspektoru vəzifələrində işləmişdir. Şirəli Əhədov 1992-ci ildə RİHB-nın Masallı şəhəri üzrə nümayəndəsi, 1993-2000-ci illərdə Masallı RTŞ-nin müdiri, 2000-2002-ci illərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı, 2003-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışmışdır. 2004-cü ildən ömrünün sonunadək Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 233 nömrəli məktəbin direktoru işləmişdir. Şirəli Əhədov işlədiyi müddətdə dövlətçiliyimizə sədaqətlə xidmət etmiş, yaxşı təşkilatçı kimi tanınmış, rayonun ictimai həyatında fəallıq göstərmiş, sakinlərin hörmətini qazanmış, iqtisadiyyatın, xüsusilə təhsilin inkişafı naminə zəhmətini əsirgəməmişdir. "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. Ş.Əhədov mehriban ailə başçısı, etibarlı dost, yaxşı yoldaş idi. Şirəli Əhədovun işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?