İyulun 17-də, saat 12:48 radələrində Azadlıq prospektində kiçik yol-nəqliyyat hadisəsi baş verib.
gundemxeber.az avtosfer.az-a istinadən bildirir ki, Azadlıq prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsində Baş Dövlət Yol Polisi İdarəsinin "Siqnal" İdarəsinə məxsus "KİA" markalı avtomobili başqa bir minik avtomobili vurub. Azadlıq prospektində üzü şəhər istiqamətində hərəkət edən avtomobillərin qarşısına qəflətən 10 AP 199 dövlət nömrə nişanlı DYP avtomobili çıxıb. Üzü şəhər istiqamətində dayanmış həmin avtomobil yolayrıcında qoşa xətti keçərək üzü Binəqədi rayonu istiqamətində manevr etməyə çalışıb.
Avtosfer.az-ın əməkdaşı həmin avtomobilin sayrışan işıqlardan istifadə edərək qayda pozduğunu gördükdə avtomobili saxlayaraq yol verib. Soldakı digər iki avtomobil də dayanaraq ona yol verib. DYP avtomobili hərəkətə başlayan zaman ən sol zolaqla sürətlə hərəkət edən ağ rəngli minik avtomobili DYP maşını ilə burun-buruna gəlib. Qəza nəticəsində avtomobillərə elə də ciddi ziyan dəyməyib. Lakin digər avtomobilin sürücüsü DYP maşınındakı mülki geyimli sürücüyə etirazını bildirib və onu qayda pozmaqda günahlandırıb.
Bir daha qeyd edirik ki, DYP avtomobilinin sayrışan işıqları yanırdı. Lakin sürücü yolda təhlükəsizliyə tam əməl etmədiyi üçün kiçik toqquşma baş verdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?