Beyləqan sakini iddia edir ki, rayon prokurorluğu qızının qətlini ört-basdır etməyə çalışır... Qızıma 17 bıçaq vurulub, vəhşiliklə qətlə yetirilib. Hadisəni törədənlərsə himayə olunur”.
Beyləqanın İmamverdilər kənd sakini Rza Tağıyev danışır ki, qızı Validə Tağıyeva bu il aprelin 4-də qətlə yetirilib:
“Səhər həmişəki kimi hamıyla sağollaşıb evdən çıxdı. 3-4 saatdan sonra xəbər gəldi ki, başına nəsə iş gəlib. Əvvəl öldüyünü demirdilər, sonra bildik ki, onu amansızlıqla qətl ediblər”.
“İŞİ ÖRT-BASDIR ETMƏK İSTƏYİRLƏR”
33 yaşlı Validə Tağıyeva rayonun Mədəniyyət və Turizm İdarəsində mədəniyyət məsələləri üzrə təşkilatçı vəzifəsində işləyib. Elə tükürpədici hadisə də idarədə baş verib. Hadisə ilə əlaqədar rayon prokurorluğunda cinayət işi başlanıb. Atanın giley-güzarı da istintaqdandır. O, istintaq orqanının övladının qətlinin üstünün açılmasında maraqlı olmadığını bildirir:
“Hamı bilir ki, qızım bir narkoticarətçinin sifarişi ilə öldürülüb. İstintaq orqanı da işi ört-basdır etmək istəyir. 6 aydır deyirlər, istintaq gedir. Ancaq bir nəticə yoxdur. Hadisə də bəlli, hadisəni törədən də... Nəyi gözləyirlər, bilmirəm. Rayon prokurorundan narazıyam. Çünki istintaq obyektiv aparılmır. Qızımı öldürənlər üç nəfər olsalar da, onlardan yalnız biri həbsdədir, ikisi azadlıqda gəzir. Prokurora dəfələrlə bu barədə iradımı bildirmişəm. Hər dəfə deyir, “qatil içəridədir, əlimizdən gələni edirik”. Mən onların əllərindən gələni etdiklərini görürəm, bəli, qızımın qatillərini açıq-aşkar himayə edirlər. Əvəzində isə özüm və ailəm hədələnirəm, nə qədər ki, cinayətkarlar azadlıqdadır, mən şikayət etdikcə həyatımıza təhlükə daha da artır”.
“QIZIMIN QANI BATMASIN”
Rza Tağıyev Prezident Adminstrasiyasında Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda olub:
“Hər şeyi ətraflı danışmışam. Bildirmişəm ki, qızım həmin narkoticarətçi barəsində rayon rəhbərliyinə məlumat verdiyi üçün öldürülüb. Səsimin ölkə başçısına, baş prokurora çatmasını istəyirəm. İmkan verməsinlər ki, qızımın qanı batsın. Bu gün qızıma 17 bıçaq vurdurub azadlıqda gəzən şəxs sabah, birigün eyni faciəni başqalarının başına gətirəcək”.
Beyləqan rayon prokurorluğundan “Qaynar xətt”ə bildirilib ki, şikayət etmək atanın hüququdur, lakin o, şikayətində bir qədər tələskənliyə yol verir. Validə Tağıyevanın qətli ilə əlaqədar öz uzaq qohumu olan 1977-ci il təvəllüdlü Həsənalı Quliyev həbs edilib və istintaqa qadını şəxsi münasibətlər zəminində öldürdüyünü bildirib. Hadisənin baş verdiyi idarənin əməkdaşları, həmçinin Rza Tağıyevin şübhələndiyi şəxs kimi təqdim etdiyi şəxslər dindirilib. İstintaq davam edir. Prokurorluqdan cinayətkarların himayə olunması ilə bağlı atanın dediklərini yalanlayıblar.
Validə Tağıyeva rayon rəhbərliyinin təşkil etdiyi ictimai tədbirlərdə fəal iştirakçı kimi tanınıb. Milli Məclisə son seçkilərdə isə Beyləqandan namizədliyini irəli sürübmüş.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?