Milli Məclisin sonuncu plenar iclasında deputat Elmira Axundova Azərbaycanda ölüm hökmünün bərpa edilməsini təklif edib. Bildirib ki, Cinayət Məcəlləsinin bir sıra maddələrinə yenidən baxmağın və istisna hal kimi xüsusilə ağır cinayətlər, arvadının başını kəsən, azyaşlıları zorlayıb öldürənlərə qarşı ölüm hökmünü bərpa etməyin vaxtıdır.
Azərbaycanda ölüm hökmü yenidən bərpa oluna bilərmi?
Milli Məclisin vitse-spikeri Bahar Muradova deputata cavabında deyib ki, geri qayıtmağa, ölüm hökmünü bərpa etməyə ehtiyac yoxdur.
gundemxeber.az xəbər verir ki, millət vəkili Rövşən Rzayev azvision.az-a açıqlamasında bildirib ki, ölüm hökmünün bərpa edilməsi ilə bağlı fikirlər düşünülməmiş, məlumatlı olmadan, ümumiyyətlə, yersiz şəkildə söylənilib.
"Bu barədə ciddi düşüncə yoxdur, ola da bilməz. Boş bir söz idi deyildi, getdi. Bu, bir nəfərin şəxsi düşüncəsi idi. Burada ciddi hal yoxdur. Çünki mümkünsüz məsələdir. Ulu öndər Heydər Əliyev Azərbaycan Avropa Şurasına daxil olmamışdan 3 il öncə ölüm hökmünü ləğv edib. Hesab edirəm ki, bu qərarın qarşısında heç kim dayana bilməz. Ümumiyyətlə, bu düşünülməmiş, məlumatı olmayan, bu məsələlərdən uzaq olan bir adamın düşüncəsi idi".
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə sözügedən sayta deyib ki, ölüm hökmünün bərpası perspektivi olmayan məsələdir və ciddi qəbul olunmamalıdır.
"Vaxtilə ulu öndər Heydər Əliyev böyük humanistlik göstərərək bu hökmü aradan qaldırdı və ömürlük həbs cəzası ilə əvəzlədi. Kimsə gündəmdə qalmaq istəyirsə, hansısa bir düşüncədən irəli gələn fikri söyləyirsə, bu, onun hüququdur. Ancaq bu məsələnin ətrafında fikir mübadiləsi aparmaq lazım deyil. Mən hansısa quyuya atılan daşın çıxarılması üçün fikirləşməli deyiləm".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?