K.Əliyev: “Kameralar vasitəsi ilə şəffaflığı qorumaq mümkün olacaq”
Sürücülər yol polislərinə qarşı rüşvət iddiası qaldıranda daha ehtiyatlı olsalar yaxşıdır. Müvafiq qurum artıq ehtiyatını görüb. Hər bir yol polisinin patrul xidməti avtomobillərinə videokamera və səs qurğuları yerləşdirilib. Bu isə tərəflər arasında gedən dialoqun hər saniyəsini canlı sübuta çevirir.
Dövlət yol polisinin əməkdaşlarının xidməti avtomobillərinə videokamera və səs qurğularının yerləşdirilməsindən keçən müddət ərzində Baş Dövlət Yol Polisi İdarəsinə yol polisi əməkdaşları barəsində daxil olan şikayətlər konkret faktlar əsasında araşdırılır.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, videoyazılar araşdırandan sonra isə məlum olub ki, bəzi sürücülər yanlış məlumatlar veriblər. Şöbə rəisi onu da əlavə etdi ki, əgər yol polisinin hərəkətində hər hansı pozuntu qeydə alınarsa, həmin əməkdaş barəsində tədbirlər görüləcək.
Artıq bir neçə müddətdir ki, Dövlət Yol Polisinin əməkdaşları sürücülərə yaxınlaşarkən onların üzərində səs yazan qurğular olur. Bu qurğunun vasitəsi ilə sürücü və yol-patrul xidmətinin əməkdaşının dialoqu qeydə alınır. Xidməti avtomobildən isə bütün hadisələr kameranın lentinə alınır. Kamran Əliyevin sözlərinə görə, hazırda xidməti avtomobillərin 80-90 faizində kameralar quraşdırılıb. Onların avtomobillərə quraşdırılmasında əsas məqsəd isə şəffaflığın təmin olunmasıdır. Cənab Əliyev qeyd etdi ki, bu videoyazılar əsasında sürücülərlə Dövlət Yol Polisinin əməkdaşları arasında yaranan narazılıqları aradan qaldırmaq mümkün olacaq. Xatırladaq ki, kameraların quraşdırılmasına bu ilin iyun ayından başlanılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?