Bu qış Saatlı və Sabirabadın qazlı, ya da qazsız yaşayış məntəqələrinin sakinləri təzadlı durumla üzləşiblər.
Qazı olan bəzi sakinlər bahalaşandan bəri qazpulunu ödəyə bilmədiklərindən, qazı bağlayıblar. Olmayanlarsa illərdir sobalarının qazla yandırılmasını arzulayırlar. Qazı olanlar da, olmayanlar da kənd-kəsəyin kol-kosunu, həyət-bacanın ağaclarını qırıb yandırırlar. "Deyəsən inkişafımız üzü gələcəyə yox, keçmişədir. Keçmişdə də camaat təzək, odun yandırırdı. Hətta rayon mərkəzində qaz ola-ola, camaat qazdan istifadə eləmir, odunla, təzəklə keçinir. Qazanc yox, iş yeri yox, bu yandan da filan qədər qazpulu. Ona görə qazı söndürüb təzək, odun yandırırıq". Sabir Əliyev Sabirabadda rayon mərkəzində yaşayır. Qazpulu artandan oduna keçib. Həyət-bacası odun, kəsilmiş ağac qol-budağıyla doludur.
Qaz deyəndə, sovet dövrü yada düşür
Sabirabadın Yuxarı Axtaçı kəndinin sakinləri də yanacaq kimi odun, təzək işlədirlər. Ancaq bu kənddə, ümumiyyətlə, qaz yoxdur. Kənd sakini İlyas Muxtarov deyir ki, qaz deyəndə, camaatın yadına sovet dövrü düşür: "Bu kənddə qaz olmayıb. O biri kəndlərə qaz çəkilsə də, bura elə bil yaddan çıxıb. Meşəyə gedib, yalvarıb-yaxarıb, bir az ucuz odun alıb yandırırıq". Ceyhun Əliyev bir çox adamın odun almağa imkanı çatmadığını vurğulayır: "Qonşu kəndlərə qaz çəkiblər, biz qazsız qalmışıq. Odun almağa da pul çatdırmırıq. Heç olmasa, qazsız evlərdə yaşayan qocalara, uşaqlara rəhm eləsinlər". Həyətindəki odunları baltalayıb-qalaqlayan Famil kişi deyir ki, indi kəsib doğramağa ağac da qalmayıb: "Odunu Küdrüdən gətiririk. Orda kol-kos olur. Bu qışı çox çətin keçiririk".
“İki ay əvvələdək pambıq vardı, qəpik-quruş da vardı...”
Muğan camaatı dolanışığını mal-qara saxlamaqdan, əkin-biçindən çıxarır. Başqa iş yox və bundan da ən çox cavanlar əziyyət çəkirlər: "Bir neçə ay əvvələdək pambıqda işlədik. Alaq vurmuşam, pambıq yığmışam. Hələ onda aldığımızı ancaq yeməyə zorla çatdırırdıq. İndi yenə əlim boşdur, gəlir də yox", - 28 yaşlı Vaqif boş düzənliyə baxıb dərindən ah çəkir.
Qazı yaşlı nəsil xatırlayır
Qazsızlıqdan təkcə Sabirabadın yox, qonşu Saatlı rayonunun da bəzi kəndləri əziyyət çəkir. Rayon mərkəzindən 40 kilometr aralıda yerləşən Azadkənddə qazdan söz düşəndə, yaşlılar 30 il əvvəlki dövrü xatırlayır. Yeni nəsil buralarda qaz görməyib hələ: "Bizim kənddə 1982-83-cü illərdə qaz olub. Ondan sonra qazı gördüm deyən olmayıb. Camaat odun yığıb yandırır. Çox çətinlik çəkirik. Rayon başçısı söz verib ki, bizim kənddə də qaz olacaq, ancaq hələ bir şey yoxdur". Kənd sakinləri evlərində qazın, kənddə də uşaq bağçasının olmasını arzulayırlar: "Bağça olsa, analar uşaqlarını kürəyinə alıb pambığa getməzlər".
İcra hakimiyyəti vəd verir ki...
Saatlı Rayon İcra Hakimiyyətinin ərazi və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Elnur Cəbrayılov kəndin qazlaşdırılmasının plana salındığını bildirir: "Bu, dövlət proqramında var. Beş kənd Arazın bir hissəsində, beş kənd də o biri tayında qazsızdır. Bu il həmin kəndlərdə də qaz olacaq". İcra nümayəndəsi kənddə bağça açılmasının asan iş olmadığını, ancaq bir neçə ilə bağçanın da açılacağını vəd edir. Sabirabad Rayon İcra Hakimiyyətindənsə dedilər ki, rayon mərkəzi və kəndlərin çoxu qazlaşdırılıb. Hazırda 56 kəndə təbii qaz verilib. Dörd kənddə işlər tamamlanmaq üzrədir. Qalan 14 kənddə qazlaşdırma işləri aparılacaq. İndilik, bu kəndlərin həyət-bacasında qolu-budağı yarılmış ağacları, yollarındasa həyətlərə kol-kos daşıyan arabaları görmək olur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?