Mayın 14-də “Azercell Telekom” MMC-nin prezidenti Kiril Qaburiç Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini ziyarət edib. Azercell prezidenti Agentliyin nəzdindəki 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası, burada göstərilən xidmətlərlə tanış olub. Azercell prezidenti Kiril Qaburiç Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla da görüşüb. Görüş zamanı cənab Qaburiç Azərbaycanda belə bir qurumun olmasından qürur hissi keçirdiyini vurğulayıb: “Bu qurumun fəaliyyətindən minlərlə insan istifadə edir, əvvəllər çətinliklə əldə olunan xidmətlər indi bir neçə dəqiqə ərzində yekunlaşır. İnsanlara qulluq edən belə bir rahat, hərtərəfli xidmət mərkəzinin yaradılmasını alqışlayıram”. Görüş zamanı Agentliyin sədri İnam Kərimov mərkəzdə göstərilən xidmətlər, həmçinin gələcək planlar haqqında məlumat verib. Qeyd edib ki, yaxın aylarda Bakının bütün rayonları, həmçinin Azərbaycanın bölgələrində də “ASAN xidmət” mərkəzləri yaradılacaq. Bunlarla yanaşı, vətəndaşların işini asanlaşdırmaq üçün “ASAN” səyyar xidmətin göstərilməsi də nəzərdə tutulub.
Sonda Azercell-in nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin əməkdaşları və burada çalışan könüllülərlə söhbət ediblər.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.
Sorğu
Yeni dizaynımız necədir?