Sumqayıt şəhəri 17 saylı məktəbin şagirdi Azad İlyasovun ölümündə yeni məqamlar ortaya çıxıb.
Hadisənin şahidi Tamerlan Mustafayev bildirir ki, o da həmin gün gecikənlər sırasında olub. Azadla birlikdə cəza alıb və qaçmağa məcbur edilib. Məktəblinin sözlərinə görə, cəza barəsində məktəb rəhbərliyinin xəbəri var imiş. Tamerlan deyir ki, gecikməyə görə məktəbin həyətində qaçmaq cəzası direktor Nargilə xanımın ideyasıdır. Məktəblinin sözlərinə görə, gecikməyə görə qızlar 10, oğlanlara isə 20 dairə məktəbin idman meydançasında qaçmağa məcbur edilir. Xatırladaq ki, bir gün öncə məktəbin rəhbəri ümumiyyətlə belə qaydanın olmamasını bildirirdi. Təshil üzrə ekspertlərin fikrincə, təhsil ocaqlarında belə bir cəzanın tətbiqi yolverilməzdir. Gecikən şagirdləri yalnız məktəbdaxili qaydalar çərçivəsində tənbeh edilməklə bu vərdişdən yayındırmaq olar. Həmçinin valideynlərlə birgə problemləri həll etmək də mümkündür. Uşaq hüquqları üzrə ekspert Nazir Quliyev hesab edir ki, uşaqları məktəbdən yayındırmamaq üçün təhsil metodları dəyişməlidir. Psixoloq Dəyanət Rzayev də bu cür cəzanın verilməsini çıxış yolu hesab etmir. Onun fikrincə, məktəbin psixoloqları gecikən uşaqlarla fərdi söhbət aparıb, onların problemlərini araşdırsa, daha faydalı olar. Azadın evinin qarşısında isə hüzr davam edir. Məktəblinin yaxınları və doğmaları xeyir-şər evinə gələrək, onun valideynlərinə dəstək verməyə çalışır. Artıq Azadın atası istintaqa ifadə də verib. Sumqayıt Şəhər Prokurorluğundan isə istintaqın davam etdiyini bildiriblər. /ANS TV/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?