“İcra başçısı qəza günü yalandan tələbələrin başlarını sığallayıb, mediaya “poza verib” çıxıb getdi”
Sumqayıt yolunda 6 nəfərin ölümü, 16 nəfərin yaralanması ilə nəticələnən avtobus qəzasında yaralanan tələbələrdən biri Aytәnin bacısı Ayşən Altay (Quluzadə) soaial şəbəkədə Sumqayıtın icra başçısı Zakir Fərəcovu sərt tənqid edib.
“Qəzada xəsarət alan tələbələri vecinə alan yoxdur. İcra başçısı, … gəlib qəza günü yalandan tələbələrin başlarını sığallayıb, mediaya “poza verib” çıxıb getdi….”, – Ayşən Altay yazıb.
“Sözüm ondadır ki, xəstəxananın elə bir şəraiti var ki, orada sağlam adam xəstəlik tapar. O boyda yerdə cəmi iki tibb bacısı var. Əvvəl tapşırıq var idi deyə maraqlanırdılar. İndi tələbələrlə maraqlanan yoxdur. Srağagün bacımın halı pisləşəndə günorta saat 3 deyildi heç, amma həkim tapılmırdı uşağı yoxlamağa, yardım etməyə. Axırda gördülər anam hay-küy salıb, əməliyyatdan həkimin birini yarımçıq çıxarıb gətirdilər. O gəlib yardım etdi. 2-3 gün idi oradakı həkimə dedik aparaq Bakıya. Dedi ki, dilinizdən kağız verəsiniz gərək, sonra aparasınız. Çarəsiz tərpətmək olmaz deyə qalmağına razılaşdıq” – Ayşən Altay bildirib.
“Bu gün də yenə pis olub vəziyyəti. Yenə həkimi yox idi. Başqa həkim gəlib baxıb yenə. Zəng vurduq İcra Hakimiyyətinə. Dedilər ki, maraqlanacaqlar. Saatlar keçib, amma nə səs var, nə soraq. Bu qədər də olmaz də. Bir abrınız-həyanız olsun. Məqsədiniz sağ qalanları da öldürməkdir? Xəstənin vəziyyəti ilə bağlı nəsə deyəndə, elə cavab verirlər ki, sözlərindən belə çıxır ki, pulun varsa, apar özəldə müalicə elətdir, bizim gücümüz buna çatır” – Ayşən Altay yazıb.
“Bu qədər KİV var. Niyə məsələni araşdıran biri yoxdur? Anlayıram, jurnalistin işi problemi həll etmək deyil, amma göstərməkdir. Media bu məsələni gündəmdə saxlasa, bu məsələni araşdırsa, digər qurumlar da məcburən də olsa, öz xoşuna da olsa, problemlə maraqlanacaqlar. Mənim oradan anladığım o oldu ki, yenə heç kimin vecinə deyil bu tələbələr. Gündə bir sistem, iki iynə ilə o cür xəstələr sağalmır. Xəstəxana özü nə gündədir ki, xəstəyə də baxmağa imkanı olsun?! Bu dəqiqə o tələbələrə normal şəraiti, hər növ yardım imkanları olan bir klinikada müalicə lazımdır. Bu gecə iki dəfə qızların palatasına xəstə gətirilib. Hər dəfə işığı yandıranda, səs-küy olanda yuxudan yarımçıq ayılırlar. Travmalı uşaqlar olduğunu nəzərə almalıdırlar”, – Ayşən Altay yazıb.
“Düzgün yardım etsinlər xəstələrə. Səhiyyəmizin necə bərbad olduğunu görmək çox çarəsizdir. Gərək bizim ölkədə xəstəxanaya gedəndə dərmanı da, həkimi də özünlə aparasan, başqa yolu yoxdur. Səlahiyyəti olan hər kəs bu məsələ ilə maraqlanmalıdır. Bu ,onların öhdəliyidir və lazımi səviyyədə də yerinə yetirməlidirlər”, – Ayşən Altay əlavə edib.
Yazı “Basta” saytında dərc edildikdən sonra əldə etdiyimiz məlumata görə, Aytən Altay artıq DİN-in hospitalına yerləşdirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?