Hərbi əmlakı itirmə, ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etmə, qəsdən məhv etmə və ya zədələməyə görə cərimələrin miqdarı artırılır.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək Milli Məclisə tövsiyə edilən Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsində əksini tapıb.
Cinayət Məcəlləsinə əsasən, hazırda hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, döyüş sursatının, nəqliyyat vasitələrinin, texniki təchizat əşyalarının və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozma hərbi əmlakın itirilməsinə səbəb olduqda 200 yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təklif edilən dəyişiklikdə bu halda 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif olunur.
Qüvvədə olan qanuna əsasən silahı, döyüş sursatını, hərbi texnikanı və sair hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə və ya məhv etmə ağır nəticələrə səbəb olduqda 500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Layihədə bu halda 1500 manatdan 2 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulur.
Cinayət Məcəlləsinə əsasən hazırda silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Layihədə silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif edilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?