İrina Bazaronun Məcid Məcidov tərəfindən zorlanması barədə müraciəti Səbail Rayon Prokurorluğunda araşdırılıb
Bakı Şəhər Prokurorluğu Rusiya vətəndaşının Bakıda zorlanması ilə bağlı məlumat yayıb. Məlumata görə, Rusiya Federasiyasının vətəndaşı İrina Bazaronun 11 may 2013-cü il tarixdə gecə saat 5 radələrində Səbail rayonunda müvəqqəti yaşadığı mənzildə Bakı şəhər sakini Məcid Məcidov tərəfindən zorlanması barədə müraciəti Səbail Rayon Prokurorluğunda araşdırılıb.
Müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən “Grand House” daşınmaz əmlak firmasının rəhbəri M. Məcidov mayın 10-da İ.Bazaronun müraciəti əsasında Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 27 saylı ünvanda yerləşən mənzili 10 gün müddətinə kirayəyə verib. M. Məcidov mənzilin açarlarının birini ona təqdim edib, ertəsi gün isə gecə saat 5 radələrində özündə olan ikinci açarla qanunsuz olaraq həmin mənzilə daxil olaraq zor tətbiq etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqədə olaraq zorlayıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-bioloji, məhkəmə-tibbi ekspertizaları təyin edilib, hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
İstintaqla M. Məcidovun təqsiri sübuta yetirilərək onun əməli Cinayət Məcəlləsinin 149.1 və 157.3-cü (mənzil toxunulmazlığını pozma) maddələrinə tövsif edilib və ona həmin maddələrlə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?