Elə təsəvvür yaranmasın ki, “Son çağrı” tarixi əsərdir. Sadəcə, “Media forum” məndən məhz bu hissədən – kitabın prezident Elçibəylə bağlı hissəsindən bir parça istədi. Əsərdə real şəxsiyyətlər, tarixi hadisələrlə bağlı başqa parçalar da var. Mən onları mümkün qədər dəqiq əks etdirməyə çalışmışam. Bütövlükdə isə “Son cağrı” bədii əsərdir, orada təxəyyül daha geniş yer tutur. Əlbəttə, bu təxəyyül də mənim düşüncələrimlə, həyata baxışımla əlaqəlidir. Deyəcəksiniz, bir az qeyri-adi sintezdir? Elə ona görə janrı da adi deyil.
İkinci hissə I Bu, bina deyil, hakimiyyət snobizminə qranit abidədir. Sərt cizgiləri, kvadrat hücrələri ilə nəhəng bunkeri xatırladır. Amma yerin altında yox, şəhərin ən hündür təpələrindən birinin üstündə – Bakı amfiteatrının üçüncü terrasının ətəyində, özü də elə bil acığa, biri-birindən gözəl tarixi binaların arasında tikilib. Kənardan baxanda sanki şəkil çəkdirmək üçün yığışmış bərli-bəzəkli, nərmə-nazik, gülərüz xanımların arasına ağ alt tuman-köynəkdə pəzəvəng, zəhmli bir kişi soxulub durub. Mən bu bunker-binanın yeddinci mərtəbəsində dayanıb, prezidentin yanındakı adamların çıxmasını gözləyirdim. Qəbul otağında darıxdığımdan foyeyə çıxıb pəncərədən şəhəri seyr edirdim. Binanın özü kimi pəncərələri də nəhəng idi. Məruzəm saat altıya təyin olunmuşdu, amma vaxtdan iyirmi beş dəqiqə keçirdi. İçəridəkilər çıxmaq bilmirdilər ki, bilmirdilər. Əsəbiləşməyə başlamışdım. Aşağıda da məni gözləyirdilər axı. Hava artıq qaralırdı. Bakı gecədən başlamış yağışın gümüşü torunda balıq kimi çabalayırdı. Səkilərdə göllənib qalmış suyu sıçrada-sıçrada o tərəf – bu tərəfə qaçışan, daldalanmağa yer axtaran adamlar, gerçəkdən, balaca qara balıqları xatırladırdılar. Bir ay əvvəl mən mətbuat katibi təyin olunanda prezidentlə ilk söhbətimizdə Nəcəf bəy də iştirak etmişdi. O, prezidentin müşaviriydi və protokola görə, görüşdən sonra məni işçilərimə təqdim etməliydi. Kabinetdən çıxıb katibliyə gedirdik. Bu yerdən keçəndə Nəcəf bəy ayaq saxlamışdı. Həyəcanım hələ ötməmişdi, bəlkə bir az da üstələmişdi: qarşıda məni kənardan işini dəfələrlə tənqid etdiyim bir xidmətin əməkdaşlarıyla çətin görüş gözləyirdi. Özümü danlayırdım: “Axı mən niyə yenə onun təzyiqinə davam gətirməyib razı oldum?” - Bir şeyi yadınızda saxlayın. Bu binanın pəncərələrindən bəzən həyat insana başqa cür görsənir. Çalışın, reallıq hissini itirməyəsiniz. Onda mən təəccüblə pəncərədən bayıra baxmışdım. Novruzun ilk günüydü, ilıq, günəşli bir yaz səhəri idi. Vahid bağında bir dəstə bağça uşaqı müəlliməni əhatəyə almışdı. Sərçələr çəmənlikdə yem üstündə dalaşırdılar. Bağdan o tərəfə, Azneft dairəsində irili-xırdalı maşınlar ard-arda düzülüb meydanın otrasındakı dirəyin başına fırlanırdılar. Meydandan aşağı bulvar boş idi. Bu adidən də adi mənzərənin lap sonunda isə Xəzərin sayrışan ləpələri uzaqdan adama göz vurur, elə bil deyirdilər ki... - Asif bəy, buyurun. – Qəbul otağının maqnit-qapısından başını çıxarıb məni çağıran prezident köməkçisi düşüncələrimi yarımçıq kəsdi. Pəncərənin qabağından kağızlarımı yığışdırıb onun dalınca getdim. II Prezident yerində yoxuydu. Kabinetə göz gəzdirdim, o, küncdəki pəncərənin qarşısında kresloda əyləşmişdi, dizlərinə dirsəklənib başını ovuclarının arasına almışdı. Uzun, arıq barmaqları saçlarında gəzirdi. Baxışlarımız kəsişdi. Gözlərində yorğunluq, dərin bir kədər duydum. (Görəsən, kim imiş yanındakılar, başım balaca balıqlara qarışdı, yekələrini qaçırdım, deyəsən.) - Çox yorğun görünürsünüz, cənab prezident, bəlkə, mən sonra gəlim? Dedim və özüm də qorxdum. Birdən deyər, hə, gedin, sonra gələrsiniz ya da, Allah eləməsin, müsahibəni başqa vaxta keçirər. Axı biz bu görüşü dəqiqəbədəqiqə 20 gün əvvəldən təyin etmişik, hazırlaşmışıq, adamlar basa-basa dünyanın o başından gəliblər. “New York Times” kimi bir qəzetdə Azərbaycan prezidentinin müsahibəsinin getməsi indiki vəziyyətdə bizim özümüzə amerikalılardan azmı lazımdır? Prezident baxışı ilə qarşısındakı kreslonu göstərdi. Əyləşdim. Sualıma cavab gözləyirdim. - Uduzacağınızı əvvəlcədən bildiyiniz davaya girişərsinizmi? (Anlamadım, bunun məsələyə nə dəxli?) Prezidentin Ezop dilində danışmağı xoşladığına alışmışdım. Söhbətə uzaqdan başlayanda sözünü fırladıb axırda nəyin üstünə gətirəcəyini artıq təxmin edə bilirdim. Amma indi heç nə başa düşmürdüm, ona görə də susurdum. Vaxt keçir, prezident qarşımda, amerikalı müxbirlər isə aşağıda, müavinimin otağında gözləyirdilər. Nəhayət, cavab verməyi qərara aldım: - Qələbəyə əmin olmadan davaya girişdiyim hallar çox olub. Amma uduzacağımı əvvəlcədən bildiyim – bir dəfə. Paralel sinifdə, “9b”də “Xosu” dediyimiz bir adamyeyən var idi. Dərsdən sonra məktəbin yaxınlığındakı daş karxanasına “danışmağa” çağırmışdı. Çənəmin altından elə yapışdırmışdı ki, bir həftə şorbadan bərk heç nə yeyəmməmişdim. - Qız üstündə? - Qız üstündə. - Sonra da o qız sizi seçdi. - Hə, elə oldu. - Bu, sayılmır. Siz o adamyeyənin qabağına çıxanda mükafatınızın nə olacağınızı bilirdiniz. Bilirdiniz ki, çənənizin əvəzinə gənc qızın ürəyini qazanacaqsınız… Əslində, uduzan siz yox, Xosu olub. Hm… Amma paradoks ondadır ki, sizin istəkliniz romantik qızcığaz deyil, dünyagörmüş qarı olsaydı, tərəddüdsüz Xosunu seçəcəkdi. - Qarıya görə mən də, yəqin, çənəmi çəkic kimi yumruğun qabağına verməzdim. Prezident qalxıb əlini arxasında cütlədi. - Amma mən verərdim. Məsələ mükafatda deyil, əsas odur ki, özün öz gözündə alçalmayasan, döyüləcəyindən qorxub prinsiplərindən geri çəkilməyəsən. Həqiqətin, ədalətin harada olduğunu bilə-bilə yalanı seçməyəsən, ədalətsizliyə boyun əyməyəsən. - Bəs ədalətin qələbə çalması üçün yalanla silahlanmaq lazım gələrsə? Azmı olur? - Olmur. O silahı ələ aldınızmı, bir də yerə qoymayacaqsınız. Özünüzü aldatmayın. Prezidentin səsindəki yorğunluğu əsəbilik əvəz etmişdi. Əlbəttə, bu əsəbiliyə səbəb mən deyildim, məndən əvvəl onun yanında olmuş adamlarla aralarındakı mübahisə idi. (Axı kim imiş bunlar?) Başa düşürdüm ki, prezident hələ də o söhbətin təsiri altındadır, üzünü mənə tutsa da, əslində, onlarla mübahisəsini təkbaşına davam etdirir. Amma yenə özümü çox narahat hiss edirdim. Mən də ayağa qalxdım. Prezident əlləri arxasında otaqda var-gəl etməyə başladı. - Xosu… Xosu… Xosu… Özümə, ailəmə, övladlarıma heç nə saxlamadım, bütün sevgimi xalqıma verdim. Amma nə edəsən ki, yorulmuş, mərhumiyyətlərdən bezmiş, itaətə alışdırılmış xalq sevən ürək yox, dəmir əl axtarır. Mən onu cavanlaşdırmağın, beynindən kölə düşüncəsini çıxarmağın yolunu bilirəm, zəncirlənmiş ruhunu açıb azadlığa buraxmaq istəyirəm. O isə bu yolun əzablarından çəkinir. İslahatlar üçün mənim zamana ehtiyacım var, onunsa gözləməyə hövsələsi qalmayıb. Altına girib daldalanmağa, şirin xəyallarla mürgüləməyə ağac axtarır. Deyir, sənin əkdiyin azadlıq, ləyaqət, humanizm kollarını belimdə su daşıya-daşıya bəsləməyə, onların nə vaxt böyüyüb kölgə salacağını gözləməyə halım yoxdur. Cibində bir şey varsa, çıxart ver, uzanım, burda yeyim. Yoxdursa, rədd ol, çıx get…. Mən onu günahlandırmıram. Amma o başa düşmür ki, otursa, mürgüləsə, daha böyük əzablarla üzləşəcək. Biz zəmanənin ən nəhəng imperiyasını dağıtdıq, indi onun qalıqları üzərində yeni cəmiyyət qurmaq üçün işləmək, işləmək lazımdır. Türk şairi Nihal Atsız deyirdi ki, nəfəsimizlə hovura-hovura böyük bir buz dağını əritmişik, şimdi onun çamurluğundan keçmək məcburiyyətindəyik. Amma yalan dəllalları ağır döyüşdən sonra yorğun düşüb qalmış milləti aldadırlar. Deyirlər, “gözünü yumub əlini versən, səni çamurluqdan hoppandırıb keçirərik”. Sadəlövh insanlar… Bürüşmüş ruhlar, deşik vicdanlar, gödək ağıllar… “Geldi ölümlü yalan, getti ölümsüz gerçek: Siz, hayat süren leşler, sizi kim diriltecek?..”[1] Elə bilirsiniz, onları öz xilaskarının üstünə qaldırmaq çox çətindir? Rəhmətlik Aydın Məmmədov yaxşı deyirdi, xalq istəyir, sevdiyi insanlar həmişə gözünün qabağında olsunlar: tribunada ya dar ağacında, fərqi yoxdur. Yoxsa düşünürsünüz ki, hakimiyyət, vəzifə, pul hərisi bu dəllarlar yalan danışmağı analarının bətnində öyrəniblər? Yox, onlar da həyatlarında ilk yalanı hansısa ədalətsizlikdən müdafiə olunmaq üçün söyləyiblər. Beləcə öyrəşiblər. Araya sükut çökdü. Mən nəinki bu sükutu pozmağa cəsarət edir, doğrusu, fikrimi cəmləməyə, buraya nə üçün gəldiyimi xatırlamağa da çətinlik çəkirdim. Prezidentin gözlənilməz etirafı məni sarsıtmışdı. Aparatda işlədiyim bir ay ərzində çox xoşagəlməz hadisələrin şahidi olmuşdum. Amma, demə, vəziyyət mən düşündüyümdən də mürəkkəbiymiş. Prezident gəzişməkdə davam edirdi. Növbəti dəfə yanımdan keçəndə ayaq saxladı. Sifətində nə bayaqkı yorğunluqdan, nə də əsəbilikdən əsər-əlamət qalmışdı. Ağır seçim qarşısında qalmış, bir an içərisində seçimini müəyyənləşdirmiş adam kimi, sakit və rahat görünürdü: - Məni qanla qorxudurlar. Nədən çəkindiyimi yaxşı bilirlər. Olsun! Adıma min cür şey qoşacaqlar, şərləyəcəklər, söyəcəklər, mənəvi əzab verəcəklər. Çənəmi bu yumruğun da altına verməyə hazıram. Ötən yaz çoxları ayağa qalxıb qolları ağrıyanadək şəpən vuranda, məndən başqa prezident istəmədiklərini söyləyəndə demişdim ki, indi adımı şüara çevirib əl çalırsınız, bir il keçəcək, fitə basıb dalımdan dəyəcəksiniz. Pəncərəni açıb dərindən nəfəs aldı. - “Millət işıq olsun, məni udsun bu siyəh xak”[2]. Geri döndü. - Buradadırlar? - Kim? Gülümsədi. - Necə yəni kim? Sizin jurnalistlər. - Bəli, müavinimin yanında gözləyirlər. - Monoloq bitdi, müsahibəyə başlaya bilərik. Gəlsinlər. Mən də dərindən nəfəs aldım. - Biz on dəqiqəyə yanınıza qalxacağıq. Ona kimi mətbuat xidmətinin çəkiliş kamerasını quraşdırarlar. Müsahibə üçün elə bayaq əyləşdiyiniz yeri hazırlasaq yaxşıdır. Siz isə hələlik bu kağızları bir də nəzərdən keçirin. Mən onları iki gün əvvəl sizə yollamışdım. Burada jurnalistlərin tərcümeyi-halları, toxunulacaq mövzulara dair arayışlar var. III Otağıma qayıdan kimi müavinimə və çəkiliş qrupunun rəhbərinə zəng vurub tapşırıqlarımı verdim. Sonra qalstukumun düyününü boşaldıb köynəyin düymələrini açmağa başladım. Salvador Dalinin bir şakəri varmış. Mühüm auditoriya qarşısına çıxmazdan qabaq ayağına dar ayaqqabılar geyərmiş. Ayaqqabıların dahi rəssamın pəncələrində doğurduğu cəhənnəm ağrısı onun natiqlik istedadını cilalayarmış, Dalini küçə müğənniləri kimi dil-dil ötməyə, qısa və dəqiq ifadələrlə danışmağa sövq edərmiş. Özümü dahilər cərgəsinə qoşmasam da, məndə də buna bənzər bir adət yaranmışdı. Vacib görüşlər ərəfəsində Rənanın Türkiyədən gətirdiyi boğazı dar ağ köynəyimi geyirdim. Bu köynək şuluq şagirdi tənbeh edəndə sözlərinin təsir qüvvəsini artırmağa çalışan müəllim kimi boynumu sıxır, məni daim gərginlikdə saxlayır, boğazımı uzatmağa, gözlərimi bərəltməyə məcbur edirdi. Hər şeyi görür, hər şeyi eşidirdim. Adi vaxt fikir vermədiyim ən xırda detallar da nəzərimdən qaçmırdı. Rəna ona “dava köynəyi” deyirdi. Köynəyimi dəyişib təzədən prezidentin qəbul otağına qalxdım. Semuellə fotoqrafı Marta artıq burada idilər. Biz kabinetə daxil olanda prezident yüngülcə gülümsədi. Mən də bu iki amerikalı jurnalisti görəndə ilk reaksiyam belə olmuşdu. Əlli yeddi yaşlı, ucaboy, əməlli-başlı qarın sallamış, başında və sifətində, sap-sarı qaşlarından savayı, bir dənə də tük olmayan şotland əsilli Semuellə gənc, bəstəboy, ideal bədən quruluşlu, yeridikcə gur qara saçları hərəkətə gələn italyan mənşəli Marta xarici görkəmlərinə görə bir-birinin tam əksi idilər və qoşa dayananda, doğrudan da, gülməli görünürdülər. Amma maraqlıdı ki, hər ikisinin açıq qəhvəyi şokolad rəngində, eyni çalarda dərisi vardı. Elə bil buraya soyuq Nyu-Yorkdan deyil, yanaşı uzanıb günəş vannası qəbul elədikləri dəniz sahilindən durub gəlmişdilər. Semuel mənim onları təqdim eləməyimi gözləmədi. Təcrübəli jurnalist kimi başa düşürdü ki, adları da, tərcümeyi-halları da prezidentə artıq bəllidir və qiymətli vaxtı buna sərf etməyə dəyməz. - Bizi qəbul etməyə imkan tapdığınız üçün sağ olun, cənab prezident. Bilirik ki, indi sizin üçün çox gərgin bir dövrdür. (Eh, siz hələ nə bilirsiniz! Bayaq mən eşitdiklərimi eşitsəydiniz!) - Biz iki gündür ki, Bakıdayıq. Açığı, mən özümü Şərq bölgəsi üzrə mütəxəssis hesab edirəm. Amma burada gördüklərim bir daha sübut edir ki, Şərq mən təsəvvür etdiyimdən xeyli mürəkkəbdir. Bakı – təkcə küləklər yox, həm də təzadlar şəhəridir. - İngiltərədə “Şirin Uilyam” deyilən çiçəyin qonşu Şotlandiyada “Üfunətli Billi” adlandırıldığını yada salsaq, burada təəccüblü heç nə yoxdur. Həyat, doğrudan da, təzadlardan ibarətdir. Prezidentin Şotlandiyadan misal çəkməsi Semuelə ləzzət elədi, o, ürəkdən qəhqəhə çəkib baş barmağını yuxarı qaldırdı. Marta fotoaparatın düyməsini basmaq istədi. Amma Semuel yuxarı qaldırdığı əli ilə obyektivin qabağını kəsərək mənim müdaxiləmə ehtiyac qoymadı. Bütün suallar iki məsələ ətrafında fırlanırdı: neft və müharibə. Prezident danışdıqca Semuel qeydlər götürür, bəzi qeydlərin altından xətt çəkib qarşısında yol hərəkəti nişanlarına bənzəyən işarələr qoyurdu. Marta fotoaparatını şaqqıldada-şıqqıldada kəpənək kimi sağımızda-solumuzda uçurdu. Axırda yorulub yanımdakı boş kresloya qondu. Müsahibə üçün ayrılmış 45 dəqiqə bitəndə mən Semuelə işarə verdim. O, prezidentin sözünü qurtarmasını gözləyib diktofonlarını söndürdü. - Qəzetimiz və oxucularımız adından bir daha sizə təşəkkür edirik, cənab prezident. İcazə versəniz, bir şəxsi sualım da olacaq. - Buyurun, soruşun. - Bizdə, Amerikada bir deyim var: “neft və demokratiya, yağla su kimi, bir-birinə qatışmır”[3]… Sizsə neft sənayesinin inkişafı fonunda ölkənizdə zəngin demokratik cəmiyyət qurmağı düşünürsünüz… - Demokratiyanın birinci düşməni neft, ya zənginlik deyil, kasıblıq və cəhalətdir. Mən sizə neft istehsal edən və demokratik idarəçiliyə malik ölkələrdən çox misal gətirə bilərəm: ABŞ, Böyük Britaniya, Kanada, Norveç, müəyyən istisnalarla, Braziliya, Meksika və sairə. Dünya neft istehsalının təxminən üçdəbiri bu dövlətlərə məxsusdur. - Elədir, amma… diqqət yetirsək, sizin sadaladığınız ölkələr sırasında bir Şərq ölkəsinin də adı çıxmadı. Səbəbi sadədir: dünyada elə Şərq dövləti yoxdur ki, orada neft də olsun, demokratiya da. İsrailin baş naziri Qolda Meir əcdadlarına buna görə minnətdarlıq edirdi: “Moisey bizi qırx il səhrada gəzdirdi ki, Yaxın Şərqdə neftin olmadığı yeganə yerə gətirib çıxarsın!” Məni tənqidçiləriniz sırasına yazmayın, əksinə, ürəkdən istərdim ki, arzularınız tezliklə həyata keçsin, mən də “Xəzər sahilində möcüzə” adlı məqaləmi Pulitser mükafatına təqdim edim. Amma tarix “şərq”, “neft” və “demokratiya” ifadələrini yanaşı işlətmək üçün biz jurnalistlərə, hələ ki, şans verməyib. Təsəvvür etmək mümkündür, planlarınızı həyata keçirmək üçün siz hansı daxili və xarici faktorların təzyiqinə davam gətirməli olacaqsınız. Ancaq necə? - Neftin bizə böyük imkanlarla yanaşı, böyük problemlər də gətirəcəyi barədə dostlarım məni çox xəbərdar ediblər. Bu ayın ortaları, ölümündən bir neçə gün qabaq Türkiyənin prezidenti Turqut Ozal Bakıya gəlmişdi. Dedi, 1983-cü ildə mən baş nazir seçiləndə qarşımda dayanan birinci vəzifə ölkə iqtisadiyyatını dirçəltmək idi. Amerikada, Avropada yaxşı təhsil görüb iş təcrübəsi toplamış türk mütəxəssisləri vətənə köməyə çağırdım, gəldilər. Xahiş etdim, iqtisadi islahatlar proqramı hazırlasınlar, yeni resurslar tapsınlar. Bir müddətdən sonra mənə dedilər ki, Türkiyə ərazisində neft yataqları var, kəşfiyyat işlərinə başlayaq, nefti çıxarıb sataq, başqa sektorlara yatırımlar üçün vəsait əldə edək. Cavab verdim ki, amandır, axtarmayın, işdir, təsadüfən ayağınızın altından fışqırsa, ağzını həmən qapadın. Çünki neft qədər xalqı tənbəlləşdirən, hökuməti arxayınlaşdıran və avtoritarizmə meylləndirən, ölkəni siyasi maraqların toqquşma meydanına çevirən ikinci bir amil yoxdur. Amma biz quyularımızın ağzını qapada bilmərik. Cin artıq şüşədən çıxıb. İndi bizim əsas məqsədimiz müstəqilliyimizə təhlükə yaradan nefti onun qarantına çevirməkdir. Budur bizim, hətta müəyyən itkilər hesabına olsa da, Qərb şirkətləri ilə neft müqavilələrini bağlamağa tələsməyimizin səbəbi. Nə qədər ki, müqavilələr imzalanmayıb, onlara mane olmaq istəyən, bu məmləkətdə hökmünü yeritmək üçün itələşən qüvvələrin arasında qalıb əzilmək qorxusu realdır. Azərbaycan zəif və kiçik dövlətdir… - Və onun, bütün kiçik dövlətlər kimi, böyük dostlara ehtiyacı var?! - Olsun, amma bu dostlar nə qədər uzaqda yaşasalar, bir o qədər yaxşıdır. - İcazə verin, siyasətdə tez-tez işlənən bir məşhur ifadəni təkrar edim: “Daimi dostlar olmur, daimi maraqlar olur”. - Biz o maraqları dəyişdirmək iqtidarında deyilik, amma ayaq üstə möhkəm dayanmağı öyrənənədək onlar arasında manevr etməklə müvazinətimizi saxlaya bilərik. Deyirsiniz, dünyada neftlə zəngin Şərq ölkəsində demokratiya qurmaq təcrübəsi yoxdur. Yoxdur, hələ o demək deyil ki, ola da bilməz. Neft avtoritar rəhbərlərə millətin çörəyinin üstünə yağ sürtməklə onu aldadıb siyasi azadlıqlarını əlindən almağa kömək edir. Dediyiniz Şərq avtoritarizminin baza mexanizmini bu təşkil edir. Ona görə də bizim ikinci strateji məqsədimiz ölkədə neft bumu başlayanadək əsas demokratik islahatları həyata keçirib başa çatdırmaqdır. Bünün üçün sürətlə qanunlar qəbul edirik, icra mexanizmlərini, təhsil sistemini dəyişirik, məhkəmələri yeniləşdiririk… - Belə proseslərin sürətlə aparılması üçün sizin kadr potensialınız, böhran şəraitində idarəçilik təcrübəniz, cəmiyyətdə oturuşmuş demokratik ənənələriniz varmı? Demokratiya əvəzinə xaosa gətirib çıxaracağınızdan qorxmursunuzmu? Özü də ağır müharibə şəraitində! - Bizim belə bir təcrübəmiz olub. Azərbaycan Şərqdə ilk demokratik dövlət yaratmış ölkədir. Onun iki illik şərəfli həyatına xarici müdaxilə ilə son qoyulub. Biz bu yolu davam etdiririk. Gücümüz çatacaqmı axıradək getməyə?.. Kadr potensialı… idarəçilik təcrübəsi… ənənələr… Baxarıq… Bü lənətə gəlmiş müharibədən çıxa bilsək, gücümüz hər şeyə çatacaq. Bizi yıxsa, onun fəsadları yıxacaq… Yeri gəlmişkən, deyirdiniz ki, Şərqin neft ölkəsində heç vaxt demokratik quruluş olmayıb. Azərbaycan Demokratik Respublikası – bu da sizə misal. - Ümid edirəm ki, sizin taleyiniz daha uğurlu olacaq. Eksperimentinizi heyranlıqla izləyəcəyik. Mən bu cavablarınızı 5 ildən sonra sizə xatırlatmaq istərdim. Hesab edə bilərəmmi ki, növbəti görüş üçün razılığınızı aldım? Prezident gülümsədi, amma bir söz demədi. - Demək istədiyiniz bir şey qaldımı? Bəlkə “uzaq dostunuza” – sizi düz başa düşdümsə, “böyük dost nə qədər uzaqda yaşayarsa, bir o qədər yaxşıdır” deyəndə, ilk növbədə, Amerikanı nəzərdə tuturdunuz – bir mesajınız var? - Yox, Amerikaya mesajım yoxdur, amma… sizə bir təklifim var… Görürəm, səyahət imkanlarınız genişdir. Marta Semuelə baxıb gözlərini döydü. Prezidentin nəyə işarə vurduğunu başa düşən Semuel qolunun şokolad rəngli dərisini sığalladı. - Keçmiş sovet respublikalarını, Brazauskasın diliylə desək, postsovet məkanını dolaşın. Gürcüstana, Ermənistana, Ukraynaya, Moldovaya gedin. Silsilə portret-məqalələr hazırlayın: məndən, Şevardnadzedən, Ter-Petrosyandan, Kravçukdan, Snequrdan. Silsilənin də adını belə qoyun: “Bədbəxt prezidentlər”. Ya da yox, “Qurbanlıq prezidentlər”. Hə, ikincisi daha düz olar. IV Dəhliz boş olanda addım səsləri əks-səda verir. Ta-tak… ta-tak… ta-tak… Qalstukumu boşaldıb, köynəyimin boğaz düyməsini açdım. Müsahibə yaxşı keçdi. Effekti böyük olmalıdır. Sağollaşanda Semuel məndən soruşdu ki, “Ermənistanla müharibənin sülh yoluyla həllinə dair prezidentin yeni təklifləri nə dərəcədə yenidir?” Dedim, o dərəcədə ki, onları eşidən birinci jurnalist sizsiniz. Gözləri parıldadı: «Good, very good! Front page!” [4] İş ürəyincə alınanda adamın kefi kökəlir. Ta-tak… ta-tak… ta-tak… Amma prezidenti həyəcanlandıran nə idi, mənə qaranlıq qaldı. Bəlkə yanındakılar deputatlardan imiş? Növbədənkənar parlament seçkiləri söhbəti ortaya çıxandan yaman əl-ayağa düşüblər. Dəstə-dəstə gizlin gah Abşeron bağlarında, gah Gəncədə, gah Moskvada toplaşırlar, planlar cızırlar, hərbə-zorba gəlirlər, aranı qarışdırırlar. Hə, deputatlarıymış, yəqin. Əbəs yerə xatırlamadı ki, bu sözləri: “İndi adımı şüara çevirib, əl çalırsınız, bir il keçəcək, fitə basıb, dalımdan dəyəcəksiniz”. Bunu düz bir il əvvəl parlamentdə, deputatların qarşısında çıxışı vaxtı demişdi. Nədi, zaman yetişir? Zaman… Səni bircə addım qabaqlamaq mümkün olsaydı, nə etməli olduğumu bilərdim. Sabah gərək Nəcəf bəylə məsləhətləşim. Ta-tak … ta-tak… qur-r-r… ta-tak… Qarnım quruldayır. Səhərdən heç nə yeməmişəm. Bufetdən sosiska gətirtmişdim, vaxt edəmmədim, masamın üstündə qaldı. Bəlkə Rənaya zəng edim, gedib bir restoranda oturaq? Hələ saat doqquza işləyib. Uşaqları da çağıraq, bura işə keçəndən heç birini görməmişəm, Rafiqlə Zaurun könlünü almaq asandır, Elman, yüz faiz, incimiş olar. Əla ideyadır. Good, very good. Ta-tak… ta-tak… tap-p-p… Bu nədir? Elə bil nə isə yerə düşdü. Kabinetimin qarşısına çatmışdım. Səs içəridən gəlirdi. Orada heç kim olmamalıdır axı, katibəni çoxdan buraxmışam evə. Qapını açıb işığı yandırdım və… Ürəyimin döyüntüsünü gicgahlarımda hiss etdim. Səkkiz-doqquz yaşlı bir uşaq ağzı üstə çevrilmiş zibil qutusunun yanında divara qısılmışdı, məni görəndə lap büzüşdü. Qorxudan, yoxsa işıq gözlərini qamaşdırdığından, əlləriylə üzünü qapadı. Amma ani baxış kifayət etdi ki, tanıyım. Axı… bu gün… İşə bax, üç il bir günü gözləyəsən, son məqamda hər şeyi unudasan...
________________________________________ [1] Türk şairi, yazarı və fikir adamı Ahmet Necip Fazil Kısakürekin (1904-1983) məşhur “Sakarya” şeirindən (1949) sitat. [2] Azərbaycan romantizminin görkəmli nümayəndələrindən biri Məhəmməd Hacı Əbdülsəlimzadə Hadinin (1879-1920) “Ümid səhneyi-tamaşayi-həyatın ruhudur” şeirindən (1914) sitat: Bəxtim kimi olsun kəfənim, yəni siyəhnak, Heykəl diləməm, heykəli-qəbrimdir o əflak. Millət işıq olsun, məni udsun bu siyəh xak, Ancaq dilərəm qövmim ola sahibi-idrak, İdrakı olanlar məni sonra qanacaqdır. [3] 1967-1969-cu illərdə ABŞ-ın ədliyyə naziri (baş prokuroru) olmuş Uilyam Ramsey Klarkın (1927) bu sözləri aforizmə çevrilib. Vəzifədən getdikdən sonra Klark ABŞ-ın xarici siyasətini kəskin tənqid edir, insan hüquqlarının müdafiəsi ilə məşğul olur. Amma bəzi mənbələrdə bu ifadənin ilk dəfə ABŞ sənayeçisi Jan Pol Getti (1892-1976) tərəfindən işlədildiyi göstərilir. Getti tarixdə ilk milyarderlərdən biridir. 1957-ci ildə Yer üzünün ən varlı adamı elan edilib və bu titulu ömrünün sonuna qədər qoruyub. [4] Good, very good! Front page! (ing) – Yaxşı, çox yaxşı! Birinci səhifəyə!
Sorğu
Yeni dizaynımız necədir?