Qızını universitetə qəbul etdirmək üçün tanımadığı qadına pul verən şəxsin başına iş gəlib. Aldadılan ata ona qarşı dələduzluq edən və hazırda həbsdə olan qadının daha ağır cəza almasını istəyir. Amma məhkəmə universutetə adam düzəldən qadının cəzasını azaldıb.
İttihama görə, Azər Yusifov qızının ali məktəbə qəbul olunmasına kömək etməsi üçün Lalə Məmmədovaya 5 min manat pul verib. Amma L.Məmmədova vədinə əməl etməyib. A.Yusifovun şikayətindən sonra L.Məmmədova həbs edilib və onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
1965-ci il təvəllüdlü L.Məmmədova Bakı Ağır Cianyətlər Məhkəməsinin 14 iyun 2016-cı il tarixli hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə qərar qəbul edib ki, A.Yusifovun 5 min manatlıq mülki iddiası təmin edilsin, bu məbləğ L.Məmmədovadan tutularaq ona ödənilsin.
Ancaq bu hökmdən zərərçəkmiş Azər Yusifov narazı qalıb. O, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək L.Məmmədovanın cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin L.Məmmədova da apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.
Rəsmi ittihama görə, L.Məmmədova tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirli bilinir. O, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törədib.
L.Məmmədova 2015-ci ilin iyul ayında Azər Yusifova özünü Bakı Dövlət Universitetinin (BDU) müəlliməsi və tələbə qəbulu üzrə səlahiyyətli şəxs kimi təqdim edib. Bundan sonra A.Yusifovdan qızı Nuranəni BDU-nun Geologiya və xəritəçəkmə fakültəsinə tələbə kimi qəbul etdirəcəyinə söz verib. Bu məqsədlə Azər Yusifovdan 5 min manat alıb.
Apellyasiya məhkəməsində narazılığını dilə gətirən A.Yusifov hökmün ləğv edilərək L.Məmmədovaya daha ağır cəza təyin edilməsini, işdə şahid kimi keçən Vəli Talıbovun və başqa şəxslərin də məsuliyyətə cəlb edilməsini istəyib.
Zərərçəkmiş şəxs başına gələnləri belə danışıb: “İşin araşdırılması düzgün aparılmayıb. Təqsirləndirilən şəxsə ittiham düzgün verilməyib. Buna görə də Lalə Məmmədovaya yüngül cəza təyin edilməyib. Digər şəxslər də cinayət məsulliyyətindən kənarda qalıblar.
Qızım qəbul imtahanı verərəkən cəmi 109 bal toplamışdı. Evdə söhbət etdiyimiz zaman əmioğlumun oğlu Adil Yusibovun həyat yoldaşı Aynurə də bizdə idi. Aynurə bildirdi ki, Naxçıvanda anasıgilin qonşuluğunda Vəli adlı şəxs var. Vəli bunlara həmişə deyib ki, qəbulla bağlı bir məsələ olsa, həll edə bilər. Ona görə də Aynurədən xahiş etdim ki, bu işlə maraqlansın. Aynurə də qardaşı vasitəsi ilə maraqlanıb dedi ki, Vəli köməklik edə bilər.
Vəlinin telefon nömrəsini alıb zəng elədim. Telefonda işin mahiyyətini soruşdu. Sonra bu işi görəcəyinə söz verdi, dedi ki, Tələbə Qəbulü üzrə Dövlət Komisiyasında adamı var və həmin adam hər il azı 20 tələbəni ali məktəblərə qəbul etdirir. Bakıda Vəli ilə görüşdük. Vəli bildirdi ki, bu işi görmək üçün 8 min manat lazımdır”.
A.Yusifov deyib ki, pulu düzəltmək üçün bankdan kredit götürüb: “Bankdan pul götürüb 5 min düzəldib bu qədər pulumun olduğunu bildirdim. Vəli də həmin məbləğlə razılaşdı. Qızımı Bakı Dövlət Universitetinin Geologiya və xəritəçəkmə fakültəsinə qəbul etdirəcəyini dedi. Pulu Vəliyə verə bilmədim. Dedi ki, adam göndərəndə ona verərəm. Bir müddət sonra Lalə adlı bir qadın zəng vurdu. Vəlinin göndərdiyi adam olduğunu bildirdi və biz onunla görüşüdük. Pulu ona verəndə əmi oğlumun qaynı, Aynurənin qardaşı İlham da yanımda idi. Pulu vermədən əvvəl İlham Vəliyə zəng etdi, dedi ki, biz səni tanıyırıq. İlham Vəliyə bildirdi ki, əgər iş alınmasa ondan əlavə 5 min alacaq. Vəli də bu işə dəqiq söz verdi və əmin olmağımızı istədi”.
A.Yusifov söyləyib ki, bu işdə Vəli adlı şəxsin birbaşa rolu var.
“Lalə təkbaşına yox, bir qrup şəxslə cinayət törədib. Onların hamısı cinayət məsuliyyətinə cəlb oluna bilərdi. Bankdan götürdüyüm kredit devalvasiyadan sonra artıb. Bu da vəziyyətimi ağırlaşdıran haldır. Yaşlı atam və anamla birlikdə məcburi köçkün kimi daxmada yaşayırıq. Vəlinin vurduğu ziyan nəticəsində vəziyyətimiz daha da ağırlaşıb. Bir neçə dəfə canıma qəsd etməyə çalışmışam. Sonra başımı götürüb evdən qaçdım. Borcları ödəmək üçün müxtəlif banklardan kredit götürdüm. Maşınımı məcbur olub dəyərindən ucuza satdım. Qızım psixoloji sarsıntı keçirib. Bunları əvvəlki hala gətirmək mümkün deyil. Lalənin çəkəcəyi cəza, ödəyəcəyi maddi və mənəvi ziyan itkimizlə müqayisə edilə bilməz”- deyə zərərçəkmiş qeyd edib.
Məhkəmədə o da məlum olub ki, işdə adı keçən Vəli Talıbovun anası bu işə görə polisə çağırılıb. Bunu isə zərərçəkmiş Azər Yusifova mesaj yazaraq Lalə Məmmədova xəbər verib. L.Məmmədova bu mesajı ilə A.Yusifovdan bir neçə gün gözləməsini xahiş edib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs Lalə Məmmədova isə məhkəmədən ona təyin edilmiş cəzanın azaldılmasına köməklik göstərilməsini xahiş edib. O, hazırda ağır şəkər xəstəsi olduğunu, birlikdə gözdən əlil anası və 19 yaşlı tələbə qızının olduğunu söyləyib.
Dövlət ittihamçısı hər iki şikayətin təmin edilməməsini istəyib.
Məhkəmə zərərçəkmiş A.Yusifovun qeyd etdiyi xüsusatlarla bağlı qərarını elan edərkən bildirib ki, istintaq orqanı tərəfindən ibtidai araşdırma zamanı Vəli Talıbov barəsində də cinayət işi açılıb.
“Ancaq onun bu işdəki əməli sübuta yetirilmədiyindən cinayət təqibinə xitam verilib. Azər Yusifov istintaq orqanının bu qərarını cinayət işinin materialları ilə tanış olarkən görüb. İşin mahiyyətinin ona tam aydın olduğunu və heç bir şikayətinin olmadığını göstərib”- deyə qeyd edən məhkəmə zərərçəkmiş şəxsin tələblərini rədd edib.
Məhkəmə kollegiyası həmçinin qərara gəlib ki, L.Məmmədovaya verilən cəza ağırdır. Məhkəmə L.Məmmədovanın xəstə olmasını, əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib.
Beləliklə L.Məmmədova barəsində olan hökm dəyişdirilib və onun cəzası 3 ilə endirilib.
Qeyd edək ki, bu cür dələduzluq üsullları ilə yüzlərlə vətəndaşlar aldadılıb. Onlar övladlarını ali məktəblərə bu yolla qəbul etdirmək üçün aldadılırlar. Hazırda həbsxanalarda eyni yollarla insanları aldatmağa çalışan xeyli sayda şəxs var.../musavat.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?