“Hərbçilərin bu ilin əvvəlində artırılmış ərzaq pullarının hələ də ödənməməsi ilə bağlı Nazirlər Kabinetinə və Dövlət Sosial Müdafiə Fonduna ünvanladığımız müraciətləri cavablandıran yoxdur”.
Bunu virtualaz.org saytına açıqlamasında “Ehtiyatda və İstefada Olan Zabitlər” İctimai Birliyinin bir qrup üzvü bildirib.
Qeyd edək ki, bu ilin əvvəlindən Azərbaycan Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün yeni ərzaq payı (buna “çörək pulu” da deyilir) normaları tətbiq edilib. Bu ərzaq payı normaları Nazirlər Kabinetinin 2013-cü il, 8 yanvar tarixli, 2 nömrəli qərarı əsasında müəyyənləşdirilib. Həmin qərarın sonuncu bəndində deyilir:
“14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Müdafiə, Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar, Milli Təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan digər hərbi birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında" 1992-ci il, 19 may tarixli, 271 nömrəli qərarının 1-ci hissəsi və 2001-ci il, 19 iyul tarixli, 125-6 nömrəli qərarı 2012-ci il, 31 dekabr tarixindən ləğv edilsin.
15. Bu qərar 2013-cü il, yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının baş naziri Artur Rəsizadə”.
Qərar çox sadə və aydın dildə yazılmasına baxmayaraq hərbçilər ümumqoşun ərzaq payı normaları üzrə dövlətdən almalı olduqları pul vəsaiti ilə artıq 6 aydır ki, təmin edilmirlər. Xatırladaq ki, hal-hazırda hərbi qulluqçuların dövlətdən ərzaq əvəzinə aldıqları pul kompensasiyasının miqdarı cəmi 64 manat olaraq qalır. Halbuki Nazirlər Kabinetinin 2013-cü il, 8 yanvar tarixli, 2 nömrəli qərarı bu məbləğin iki dəfə artırılaraq 128 manat olmasını nəzərdə tutur. Başqa sözlə desək, hökumət hərbçilərin bu ilin yanvarından bəri hər ay almalı olduqları 64 manatı (yəni yarım ildə 384 manatı) onlara hələ də ödəməyib. Nəzərə alaq ki, 2013-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 125 manat, ölkə üzrə 116 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat müəyyən edilib.
Məsələ ilə əlaqadar Nazirlər Kabinetinə, Dovlət Sosial Müdafiə Fonduna etdiyimiz müraciətlər cavabsız qaldı. Onlar yalnız belə bir qərarın olması faktını təsdiq etməklə işlərini bitmiş hesab etdilər. Maliyyə Nazirliyindən isə bu barədə ümumiyyətlə danışmaq istəmədilər.
Qeyd edək ki, “Ehtiyatda və İstefada Olan Zabitlər” İctimai Birliyinin üzvlərindən bir qrupu Nazirlər Kabinetini yaxın günlərdə məhkəməyə vermək istəyir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?