Xəbər verdiyimiz kimi Azərbaycan hüquq-mühafizə orqanları sabiq millət vəkili Hüseyn Abdullayevi İnterpol vasitəsilə beynəlxalq axtarışa verib.
Tanınmış bəstəkar, “Oğuz eli” İctimai Birliyinin sədri H. Abdullayev külli miqdarda vergidən yayınmada ittiham olunur. H.Abdullayev barəsində Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Rəsmi məlumata görə, hazırda H.Abdullayevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
H.Abdullayev hazırda xaricdə - Almaniyadadır. O, sonuncu açıqlamasında deyib: “Mən 6 aydır Azərbaycanda yaşamıram. Almaniyada müalicə olunuram. Məni nə vaxt istintaqa çağırıblar ki, getməmişəm? Bütün bunların hamısı mənasız, qurama işlərdir. Mən 10 ildir ki, Azərbaycanda biznes fəaliyyəti ilə məşğul deyiləm. Belə olan halda vergidən necə yayına bilərəm?! Mənim nə firmam var, nə biznes fəaliyyətim”.
Bu arada Hüseyn Abdullayevin Almaniyadan siyasi sığınıcaq istədiyi barədə məlumatlar da yayılıb. Modern.az saytı bu xəbərlə bağlı H.Abdullayevin özü ilə əlaqə saxlaya bilməyib. Saytın əməkdaşı bununla əlaqədar Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinə sorğu ilə müraciət edib ki, H.Abdullayevin adı çəkilən ölkədən sığınacaq istəməyi barədə onlarda hər hansı məlumat varmı və eks-deputata belə bir imkanın verilməsi gözlənilirmi?
Lakin Azərbaycan Respublikasının Almaniyadakı səfirliyindən Modern.az saytına bildirilib ki, səfirlik ümumiyyətlə fərdi şəxslərlə bağlı sorğulara cavab vermir.
”Almaniyada sığınacaq hüququ Konstitusiyanın 16a maddəsi və sığınacaq verilməsi haqda mülki proses qanunu ilə tənzimlənir. Hər iki qanun ilə aşağıdakı bu linkdə www.gesetze-im-internet.de tanış ola bilərsiniz”-deyə səfirlikdən saytımıza bildirilib.
Xatırladaq ki, H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı millət vəkili Fəzail Ağamalı ilə aralarında baş vermiş insidentin əlbəyaxa dava ilə nəticələnməsindən sonra F.Ağamalının hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılıb və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Daha sonra məhkəmə onun 2 il müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib. H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilib və barəsində 2 il sınaq müddəti müəyyən olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?