Suraxanı rayon 33-cü Polis Bölməsi çirkab yuvasında reyd keçirmək istəmir
Etiraf edək ki, bu gün ölkədə fəaliyyət göstərən əxlaqsızlıq yuvalarının sayı ötən illərlə müqayisədə xeyli artıb. Az qala qlobal problemə çevrilən əxlaqsızlıq yuvaları günü-gündən şaxələnir və öz əhatə dairəsini genişləndirir. Demək olar ki, hər qəsəbədə bir neçə əxlaqsızlıq yuvası var və onlar çayxana, restoran adı altında işləyib pul qazanırlar. Aparılan monitorinqlər göstərir ki, paytaxt rayonları arasında belə obyektlərin çoxluğuna görə Suraxanı xüsusilə seçilir.
Çünki adı çəkilən rayondakı əxlaqsızlıq yuvalarının sayı-hesabı yoxdur. Qaraçuxur, Əmircan və Yeni Günəşli qəsəbələrindəki obyektlər bəs edir ki, rayondakı durumdan xəbərdar olasan. Sözügedən qəsəbələrin hər birində ən azı iki-üç əxlaqsızlıq yuvası var. Maraqlıdır ki, çirkab yuvaları polis bölmələrinin yaxınlığında yerləşir və hüquq-mühafizə orqanlarınınəməkdaşları onlara nəyəsə görə müdaxilə etmir. Ya da etmək istəmir. Əgər xatırlayırsınızsa, qəzetimizin əvvəlki saylarında Yeni Günəşli qəsəbəsində yerləşən “Xəzri” istirahət mərkəzi barədə məlumat vermişdik. Qeyd edək ki, “Xəzri” əslində, istirahət mərkəzi yox, əxlaqsızdıq yuvasıdır. Onu da bildirmişdik ki, sauanın ikinci korpusu sökülüb. Dünən qəsəbədə yaşayanlardan aldığımız məlumatlara görə, sən demə, “Xəzri”nin ikinci korpusu ləğv edilməyib. Sauna rəhbərliyi köhnə korpusun yerində yenisini tikməyi planlaşdırır. Artıq bünövrəsi qoyulan korpusun əvvəlkindən daha geniş olacağı və otaqların sayının artırılacağı söylənilir. Sakinlərin sözlərinə görə, təmir işlərinin aparılması ilə paralel olaraq, əsas korpus yenə də əxlaqsız yuvası kimi işləyir.
Məlumatlara görə, hazırda “Xəzri” işini dayandırmayıb, əksinə havaların soyuması müştərilərin sayını kəskin artırıb: “Pis-pis işlərlə məşğul olan qız və oğlanlar saat 7-dən sonra bu axışırlar. Artıq boğaza yığılmışıq. Evimizin pəncərəsi saunanın həyətinə açılır. Utandığımızdan uşaqları çölə-bayıra qoymuruq”. Saunada göstərilən xidmət və qiymətlərə gəlincə isə, burda bir saatlıq orta şəraili kabinetdə dincəlmək 20 manatdır. VİP kabinetlərin qiyməti isə 40-50 manatdır. Saunanın özündə qız olmadığı üçün buranın xidmətindən istifadə edənlər xanımları özləri ilə gətirirlər. Kabinetlərdən istifadə zamanı isə çay vacibdir. Yəni heç kim çaysız kabinetlərə buraxılmır. Çayın qiyməti isə 5-15 manat arasında dəyişir.
Ərazidə yaşayanlar deyir ki, keçən il “Xəzri”də kütləvi dava baş vermişdi. Qız üstündə yaranan mübahisədə bir nəfər həyatını itirsə də, bunun üstü açılmamışdı. Əxlaqsızlıq yuvasının çox sərbəst şəkildə fəaliyyət göstərməsi isə Suraxanı rayon 33-cü Polis Bölməsi ilə bağlıdır. Belə ki, bölmənin rəhbərliyi tərəfindən “Xəzri”nin bağlanması üçün lazımi addımlar atılmır. Bizə çatan xəbərlərə görə, rəis Samir Qurbanov vəzifəyə təzə gələrkən bir dəfə buranın fəaliyyətinə qadağa qoyub. Lakin sonradan saunanı işlədən şəxslə onun arasında nəyinsə müqabilində razılıq əldə olunub. Və həmin gündən “Xəzri”yə dəyib-dolaşan yoxdur. Bu arada, Suraxanı rayon Polis İdarəsi də nədənsə sauanın qapadılmasında maraqlı deyil. Biz isə inanmaq istərdik ki, tezliklə yüzlərlə gənc qızın cinsi istismara məruz qaldığı bu obyekt Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən nəzarətə götürüləcək və bağlanmasına dair qərar qəbul ediləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?