Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə 296 vakant yerə 2589 namizəd imtahan verəcək
Bu gündən ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbuluna dair test imtahanlarıbaşlayır. Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 25-də Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə imtahan keçiriləcək. Bu fənn üzrə 296 vakant yerə 2589 namizəd iştirak edir. Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 ünvanında yerləşən əsas korpusunda keçiriləcək.
Test imtahanına 1 saat vaxt verilir. Bu müddət ərzində namizəd ixtisas üzrə ümumi təhsil proqramını əhatə edən 25, məntiqdən, fənnin tədrisi metodikası və təlim strategiyalarının hər birindən 5 olmaqla, 35 sualı cavablandırmalıdır. İmtahan başa çatdıqdan sonra monitorda düzgün cavabların sayı qeyd olunur. İmtahanın gedişi videolentə alınır.
Qaydaları pozan (mobil telefondan, əlavə vəsaitlərdən, başqasının monitorundan istifadə edən, imtahanın gedişinə mane olan) şəxslər imtahandan xaric olunacaq və nəticəsi ləğv ediləcək.
Test imtahanlarından uğurlu nəticə əldə edənlər üçün 12-16 avqust 2013-cü il tarixlərində müsahibə təşkil olunacaq və onların şəxsi səhifəsinə bu barədə məlumat göndəriləcək. Müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi internet saytında “Müəllimlərin işə qəbulu” səhifəsində yerləşdirilib.
Sorğu
Yeni dizaynımız necədir?