Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin işçilərinə qarşı kobudluq göstərən şəhər yol polisinin əməkdaşı Daxili İşlər Nazirliyi orqanlarından xaric edilib.
Bu barədə Trend-in sorğusunu cavablandırarkən DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.
Zahidovun sözlərinə görə, məlum hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsi və DİN-in Daxili Tədqiqat İdarəsi birgə araşdırma aparıb. Müəyyən edilib ki, dekabrın 9-da saat 15:00 radələrində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı Vüqar Sultanov xidmətdən kənar vaxt özünəməxsus "Kia" markalı avtomobili sərxoş vəziyyətdə idarə edərkən "Xatirə" parkının girişində Nizami Rayon İcra Hakimiyyətinin işçiləri ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, münaqişə yaradaraq həmin əməkdaşlara qarşı kobudluq edib. Bununla da polis adına xələl gətirən hərəkətlərə yol verib.
Sultanov bununla da DİN-in "Daxili işlər orqanlarının əməkdaşlarının etik davranış kodeksi"nin tələblərini kobud surətdə pozub. Bununla əlaqədər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisinin əmri ilə Sultanov Daxili İşlər Nazirliyi orqanlarından xaric edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?