«İş yoxdur, bircə şaftalı bağımız var, onunla da dolanmaq olmur. Meyvə yetişdi, töküldü, çürüdü getdi. Alan yoxdur. Bu il təkcə mənim bağımda azı 4 ton meyvə çürüdü, zay oldu. Adamın ağlamağı gəlir. Külfətliklə burda işləyirik - övladlarım, nəvələrim. 60 yaşım var, əlimdə o boyda bağ ola-ola cibimdə 10 manat pul yoxdur».
ŞAFTALILARIN ÜRƏKAĞRISINA SALDIĞI KƏNDLİ
Deyirlər, kəndlinin gəliri məhsuldan çıxır. Xaçmazda isə deyəsən, əksinədir. Kəndlinin demələrinə görə, olan-qalanı da məhsulla gedir.
Nərəcan kəndində şaftalıların topdansatışı yeri kimi «Birja» adı ilə tanınan ərazi var. Mövsüm başlayanda burada bir canlanma da başlayır. Nərəcanlılar «Birja»ya toplaşıb müştəri gözləyirlər. Paytaxtdan və başqa rayonlardan boş yeşiklərlə gələn müştərilər üçün yeşikləri həyətlərindəki məhsulla doldururlar. «Birja»nın köhnə alverçilərindən biri də burada külfəti ilə çalışan Cavad Cavadovdur. Deməsinə görə, bu il şaftalıdan yaman zərər çəkib. Deyir, bankdan götürdüyü kredit pullar onu ürəkağrısına salıb. O, bu pulları həyətindəki şaftalı ağaclarına qulluq etməyə xərcləyib. Ancaq xeyrini görə bilməyib:
- Şaftalılar məni xirtdəyəcən borc-xərcin içərisində qoydu. Bankdan pul alıb xərcləmişəm. İndi malı sata bilmirəm, bankın borcunu da qaytara bilmirəm.
- Niyə sata bilmirsiz məhsulu?
- Alan yoxdur. Olanda da məhsulu ucuz almaq istəyir. Yeşiyinə 1 manat verirlər. 10 kiloluq yeşiklərdir. Meyvənin 1 kilosu 10 qəpikdən düşür. 60 sot bağ sahəsində meyvənin yetişməsinə 1200 manatdan çox xərc çəkmişdim. Suvarılması, dərmanlanması, başqa əziyyətləri...
Kəndli deyir, bütün bu xərcləri qarşılamaq üçün gərək şaftalının 10 kilosunu heç olmasa 6-7 manata sata bilsin.
SƏBƏBLƏR...
Məhsul sahiblərinin müştəri tapmamasının səbəbindən elə müştəri özü danışır. Füzuli Baratov səbəbləri bir neçə hissəyə bölür:
«Birincisi, banklar pul vermir ki, adamlar normal ticarətlə məşğul olsunlar. 2000 manat üçün gedirsən, dil töküb 1000 manat ala bilirsən. 2-3 banka düşəndən sonra isə ödəmək də çətinləşir. Buna görə də adamlar alverdən əl üzürlər. İkincisi, Rusiya ilə sərhəddə çoxlu pul alırlar. Adını da qoyurlar Əlavə Dəyər Vergisi. Meyvənin kilosu burda bizə 10 qəpiyə düşəndə, gömrükdə 20-30 qəpik arası dəyər vergisi tələb edirlər. Ancaq ƏDV meyvəyə şamil olunmalı deyil. Mən öz malımı aparıb satıramsa, niyə ƏDV ödəməliyəm? Gömrük haqqını ödəməliyəm, vəssalam. Əvvəllər 20 tonluq maşının gömrük xərci 450 manat idi. Bu ildən 7-8 min dollar alırlar. Ona görə də Rusiyaya meyvə aparan yoxdur, sərf eləmir».
«ZAVOD OLSA, ŞAFTALIDAN YAXŞI LİKÖR DA HAZIRLAMAQ OLAR»
Füzuli Baratov məhsulun zay olmasının daha bir səbəbini isə rayonda şirə zavod və sexlərinin olmaması ilə əlaqələndirir:
«Bu meyvələri yığıb mürəbbə, cem, şirə hazırlamaq olar. Şaftalıdan yaxşı likör da hazırlamaq olar. Başqa ölkələrdə məhsulun heç bir qalığını, hətta tumunu da tullamırlar. Onu da elevatordan keçirib gübrəyə verirlər».
Müştəri danışa-danışa ayağımız altında qalan meyvələrə işarə edir:
«Ancaq burda məhsul yerə tökülüb zay olur. Baxın, yer şaftalıyla doludur. Hamısı zay olub gedir».
Tapdaqlardan əzik-əzik olmuş meyvələrin və müştəri həsrəti ilə yola baxan insanların arasından keçib «Birja»nı tərk edirik. Arxada qoyub gəldiyimiz şaftalı satanlarla müştərilər arasında qiymət sövdələşmələri isə davam edir. Məhsul sahibi meyvəni qiymətə mindirmək, alıcı isə qiymətdən salmaq üçün dil-qəfəsə qoymur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?