Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycan prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın ad günüdür.
"Trend" agentliyi Mehriban Əliyevanın avtobioqrafiyası barədə geniş məlumat yayıb. Materialda bildirilir ki, M.Əliyeva Bakıda tanınmış ailədə anadan olub. Atası Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.
M.Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
10 may 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edir. Fond xeyriyyəçiliklə məşğuldur.
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğunun nəticələrinə görə, Mehriban Əliyeva "İlin qadını" fəxri adını alıb.
2004-cü il dekabrın 28-də Azərbaycan Milli Olimpiya Komitəsinin IV Baş Assambleyasında Mehriban xanım Əliyeva MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib.
Mehriban Əliyeva 2013-cü il aprelin 3-də keçirilən Milli Olimpiya Komitəsinin (MOK) VI Baş Məclisində qurumun İcraiyyə Komitəsinə yenidən üzv seçilib.
10 fevral 2010-cu il tarixdə Fransa Prezidentinin sərəncamı ilə Mehriban Əliyeva "Fəxri legionun böyük xaç komandoru" ordeni ilə təltif edilib.
2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adına layiq görülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?