Onun aldatdığı şəxslər arasında ölkədə tanınmış tikinti maqnatı da var Azərbaycanda həddən artıq böyük paraların dövr etməsinin göstəricilərindən biri də böyük dələduzluq əməlləridir. Filankəsin 3 milyonunu “atdı”lar, filankəsə 500 min "fırlatdılar", filan banka 100 milyon qoyub səhəri çıxartdılar kimi xəbərlər adiləşib. Redaksiyamıza daxil olan xəbərə görə, Orxan Sadıqov adlı şəxs Bakıda bir çox məşhurlardan milyonlarla manat alaraq aradan çıxıb. Orxan Sadıqovın toruna düşənlər sırasında Hacı İbrahim Nehrəmli kimi nəhəng iş adamı, xalq artisti Zeynəb Xanlarova, baş mühafizəçi Bəylər Əyyubovun bacısı oğlu Osman və adları daima mətbuatın gündəmində olan digər tanınmışlar da var. Bu haqda “Yeni Müsavat”a məlumat verən etibarlı mənbə deyib ki, O.Sadıqov tikinti işləri ilə, əsasən, plastik qapı-pəncərə istehsalı və quraşdırılması ilə məşğul olub. Onun aldatdığı şəxslər də əsasən ona tikintidə müəyyən işlərin görülməsi üçün milyonlarla manat pul veriblər. Orxan Sadıqov işləri görməsi görüntüsü yaratmaq üçün ən müxtəlif vasitələrdən istifadə edib. Lakin Bəylər Əyyubovun bacısı oğlu Osman onun iş görmədiyini, sadəcə iş görməsi görüntüsü yaratdığını aydınlaşdırıb. Osmanın Orxan Sadıqovla ciddi söhbətindən sonra sonuncu ölkədən qaçıb. Mənbə deyib ki, aldatdığı şəxslərdən heç biri Orxan Sadıqovla bağlı hüquq- mühafizə orqanlarına müraciət etməyiblər: “Onu qeyri-rəsmi axtarırlar. Orxan özünün zəngin biri olmasını göstərmək üçün aldatdığı şəxslərə Bakı şəhərində bir neçə bahalı markaların satışı ilə məşğul olan butiklərinin olmasını deyirmiş. Aldatdığı şəxslərin işçilərinə bahalı hədiyyələr verməklə həmin hədiyyələrin butiklərində satıldığı fikri yaradırmış. Əlində 2 qızıl örtüklü ”Vertu" telefon, qiyməti bir neçə 100 min təşkil edən maşınları idarə etməklə məşhurların inamını qazana bilib. Amma Osmanın onun dələduz olmasını aydınlaşdırması Orxan Sadıqovun planlarını alt-üst edib". Mənbə deyib ki, O.Sadıqov Osmanla söhbətdən sonra ailəsini də götürərək ölkədən qaçıb: “Belə məlumat var ki, Orxan Sadıqov ailəsi ilə birgə Gürcüstana, oradadan da başqa dövlətə keçib. Onun aldatdığı şəxslərin əli uzundur və gec-tez Orxanı tutub Bakıya gətirəcəklər”. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?