Baş Dövlət Yol Polisi İdarəsi yollardakı tıxaclara səbəbkarların vətəndaşlar olduğunu bildirir
Həyat tərzi Ötən gün səhər saatlarından başlayaraq Bakıda dəhşətli tıxac yaşanır. Paytaxtın demək olar ki. bütün yerlərində tıxac müşahidə olunur.
Bakı-Sumqayıt yolu, Biləcəri, Binəqədi, “20 yanvar”, Tbilisi prospekti, “Gənclik” metrostansiyası, Yasamal, Badamdar, Bayıl və bir çox başqa ərazilərdə avtomobil sıxlığından tərpənmək olmur. Yollarda xidmət göstərən yol polisləri isə aciz-aciz tıxacı seyr etməkdən başqa, əllərindən heç bir iş gəlmir. Yol polisindən tıxacın aradan qaldırılması üçün niyə iş görmədiyini soruşduqa isə yalnız kobud cavab eşidirik.
Məsələ ilə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bütün günahların vətəndaşların özündə olduğunu bildirdi, Onun sözlərinə görə, hazırda yol polislərinin sayı yetərincə deyil.
“Şəhərdə milyondan çox maşın var. Təkcə şimal istiqamətindən paytaxta 60 mindən çox maşın gəlir. Amma Bakıda yol polislərinin sayı hər yol qırağında dayanmağa yetmir. Bundan başqa, sakinlər maşınları məktəbin qarşısında saxlayırlar. Yolları bağlayırlar. Bununla da, onsuz da gərgin olan vəziyyət daha da kəskinləşir”, - deyə Kamran Əliyev bildirib.
Mövcud vəziyyətdən, xidmətdə olan yol polislərinin kobudluğundan, rəsmilərin isə problemi yalnız vətəndaşlarda görməsindən belə nəticəyə gəlmək olar ki, Bakıda tıxac problemi hələ çox yaşanacaq. Buradan yalnız bir çıxış yolu var. Gərək bundan sonra, maşınlardan, avtobuslardan istifadə etməyək. Çalışıb hər yerə piyada gedək. Yaxud da avtomobilləri sataraq hər məhəllə adamları üçün helikopter alaq. Bəlkə bu yolla mənzilbaşına vaxtında, əsəbiləşmədən çatmaq olar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?