Moskva meriyasının arxitektorlar şurası onun təqdim etdiyi layihəni bəyənməyib, iş mer Sergey Sobyanindən asılıdır
Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılova Kremlin yaxınlığında yerləşən ərazisində otel tikmək icazəsi verilməyib. Virtualaz.org Rusiya qaynaqlarına istinadən xəbər verir ki, sentyabrın 25-də Moskva meriyasının arxitektorlar şurası T.İsmayılovun şirkətinin təqdim etdiyi layihəyə baxıb və bəyənməyib.
Arxitektorlar bildiriblər ki, T.İsmayılovun təqdim etdiyi lüks otel layihəsi Moskvanın tarixi mərkəzinin görkəminin korlanmasında “sonuncu mismar” olardı. Otel tikintisi üçün nəzərdə tutulan ərazi Kremlin cəmi 700 metrliyində, köhnə Arbatda, T.İsmayılova məxsus olan “Praqa” restoranı ilə üzbə-üz yerləşir. T.İsmayılov həmin ərazidə 0.3 hektarlıq torpaq sahəsini hələ 2003-cü ildə alıb.
Lakin o vaxtdan bəri iş adamı ərazidə tikinti aparmaq məsələsini razılaşdıra bilmir. Əvvəlcə o ərazidə ticarət-ofis mərkəzi tikmək istəyib, daha sonra layihəni dəyişdirib və otel tikintisi planlaşdırıb. 2007-ci ildə T.İsmayılovun təklif etdiyi 200 yerlik otel layihəsini Moskvanın o vaxtkı meri Yuri Lujkov “özbaşınalıq” adlandıraraq rədd edib.
T.İsmayılovun yeni layihəsi ərazidə altımərtəbəli ot tikintisini nəzərdə tutur. Arxitektorlar layihənin Moskvanın tarixi qoruq kimi qorunan hissəsinə uyğun olmadığı qənaətinə gəliblər. Qərara alınıb ki, layihə ilə bağlı son sözü mer Sergey Sobyanin desin. Qeyd edək ki, T.İsmayılovun Rusiya hakimiyyəti və Moskvanın indiki rəhbərliyi ilə münasibətləri yaxşı deyil. O, Rusiyadakı biznes aktivlərinin bir hissəsini satıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?