40 yaşlı Nəcibəddin İsgəndərov İmişlinin Çaxırlı kəndində yaşayır. GundemXeber.Az DİA.AZ-a istinadla xəbər verir ki, o, 5 nəfərlik ailəsini aylıq aldığı 250 manatla dolandırmağa çalışır. Deyir, üstəlik, bu ailənin hər bir üzvünün ciddi sağlıq problemləri var. Belə olan halda yaşamları daha da çətinləşir.
“Qızım epilepsiya xəstəsidir. Tez-tez ürəkgetmələri olur. Buna görə dəfələrlə İmişli Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişik, göndəriş veriblər. Həmin göndərişlə uşağı Bakıya müalicəyə aparmalıyıq, ancaq bu, mümkün deyil. Çünki hansı qapını döyürük, pul istəyirlər. Bizim isə o qədər pulumuz yoxdur”, - Nəcibəddin İsgəndərov əlavə edir.
Evin xanımı Natəvan İsgəndərova deyir ki, qızının durumu yaxşı deyil. Adicə söz deyəndə də yıxılıb özündən gedir: “Oğlumun isə beyindaxili təzyiqi var, yaddaşı yoxdur, dərs oxuyur, yadında qalmır. Şeirləri, hekayələri əzbərləyir, danışır, 10 dəqiqə sonra yadından çıxır. Körpə uşaqdır, tez-tez təzyiqi qalxır, pis günə düşür. Yoldaşım da epilepsiya xəstəsidir. Birdən ürəyi gedir, ayılda bilmirik. Üstəlik, onurğasında yırtıq var. Özüm də yüksək təzyiqdən, böyrək çatışmazlığından əziyyət çəkirəm. Sonuncu övladımın hamiləliyini heç başa vura bilmədim, uşaq 6 aylıq doğuldu. Ona da daimi müalicə lazımdır. İndi mən deməyim, siz deyin, bu qədər xəstənin müalicəsinə aylıq 250 manat bəs edərmi?”
Nəcibəddin İsgəndərov deyir ki, bir neçə ay öncəsinədək heç o 250 manatı da almırmış. Vəziyyətlərinin ağır olması ilə bağlı televiziyalarda yayımlanan yardım proqramlarından birinə qatılıblar. Bundan sonra onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi"ndə (DOST) işlə təmin ediblər: “O vaxta qədər çox bərbad bir daxmada yaşayırdıq. Evin içində siçan, kərtənkələ, ilanla... Yalan demirəm, inanın. 2 yaşlı körpəmi yatdığı yerdə ilan çalıb öldürdü. Sonra xeyirxah bir insan bizə ev tikib verdi. İndi normal evimiz, şəraitimiz var, amma yaman korluq çəkirik”.
Natəvan İsgəndərova deyir ki, bir neçə dəfə ünvanlı sosial yardıma müraciət edib, onlara düşmədiyini deyiblər. Daha sənəd yığmaqdan da bezdiklərini deyirlər. Nə edəcəklərini bilmirlər: “Müalicə olunmağa pul yox, yardım verilmir, maaş az. Normal bir iş də yoxdur ki, gedəm işləyəm. Fəhləlikdir, ona da gücüm çatmır, xəstəyəm. İnanın, artıq nə edəcəyimi bilmirəm. Hər dəfə uşaqlarım ağrıdan sızlayanda, yaxud vəziyyətləri günü-gündən ağırlaşanda az qalıram intihar edəm. Ev tikiblər, sağ olsun xeyirxah insanlar, amma dövlət də bir əl atsa, ya ünvanlı sosial yardım ayırsa, ya da bizi ailəlikcə dövlət hesabına müalicə etdirsə yaxşı olar. Biz çox pis durumdayıq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?