“Media forum” İsmayıllı olaylarının istintaq materiallarından bəzi məqamları oxuculara təqdim edir.
Bu il yanvarın 23-də İsmayıllı şəhərindəki “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir edib. Bu insident böyüyərək “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi aksiyaya çevrilib.
Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefası tələb olunub. Fevralın 14-də prezident İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.
İsmayıllı olaylarına görə 18 nəfər həbsdədir. İstintaqı Baş Prokurorluq aparıb.
Həbs olunanlardan biri REAL hərəkatının sədri İlqar Məmmədovdur. Onun istintaqa ifadəsindən:
- Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məmmədov İlqar Eldar oğlu özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməsə də, ifadəsində 24.01.2013-cü il tarixdə İsmayıllı şəhərinə getməsi, kütləvi iğtişaşların baş verdiyi şəhər mərkəzində olması faktlarını etiraf etmişdir.
O, ifadələrində göstərmişdir ki, 23 yanvar 2013-cü il tarixdən 24 yanvar 2013-cü il tarixə keçən gecə İsmayıllı şəhərində baş vermiş məlum hadisələrlə bağlı Natiq Cəfərli ilə birlikdə onun idarə etdiyi avtomaşınla müşahidə və təhlillər aparmaq məqsədi ilə 24 yanvar 2013-cü il tarixdə saat 15:30 radələrində İsmayıllı şəhərinə gəlmişdir. İsmayıllı şəhərində onları heç kim qarşılamamış, şəhərə gələrkən orada olan mətbuat nümayəndələri, jurnalistlərlə əlaqə saxlayaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında olan meydana onlarla gəlmişdir. Meydanda çoxlu polis və təhlükəsizlik xidmətlərinin əməkdaşlarını, müxalif mətbuat nümayəndələrini, “Azadlıq” radiosunun əməkdaşlarını, “Zerkalo” qəzetinin müxbiri Nicat Məlikovu, jurnalist İdrak Abbasovu və başqa mətbuat işçilərini görmüşdür.
İcra hakimiyyətinin binası qarşısında olarkən hər hansı toqquşmanın şahidi olmamış, İsmayıllı şəhərinə girən zaman avtomobildən düşməyərək qısa və təsadüfi ünsiyyətdə olduğu yerli sakinlər gecə, səhər və günortaya qədər kəskin iğtişaşların olduğunu bildirmişlər. İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında olan meydanda jurnalistlərlə görüşərkən digər şəxslərin arasında əvvəllər mətbuatdan tanıdığı, lakin əlaqələri olmayan Tofiq Yaqublunu görmüş, onunla salamlaşdıqdan sonra dərhal ayrılmışdır. Həmin meydanda yalnız orada olan jurnalistlərlə söhbət etmiş, yerli sakinlərlə danışıqları olmamışdır. Jurnalistlərlə söhbət edərkən onlar da baş vermiş hadisələr barədə bildiyi məlumatları təsdiqləmiş və həmin hadisələrin əlamətlərini, küçələrdə daş parçalarını görmüşdür.
Meydanda təxminən 30-40 dəqiqə olduqdan sonra Natiq Cəfərli və Nicat Məlikovla birlikdə yaxınlıqda yerləşən çayxanaların birinə girərək çay içmişdir. Sonra Nicatın jurnalist İdrak Abbasovda qalan əşyalarını götürmək üçün bir daha meydandan keçmək istəyəndə polis əməkdaşları Natiqin idarə etdiyi avtomobili həmin əraziyə buraxmamışlar. Həmin meydana yaxın “Unibank”ın rayon filialının yerləşdiyi yerdə İdrak Abbasovla görüşüb Nicatın əşyalarını götürdükdən sonra birlikdə Bakı şəhərinə qayıtmışlar. Bakıya qayıdarkən İsmayıllı şəhərinin çıxacağında yerləşən “Çıraq” otelini yanmış vəziyyətdə görmüşdür. Yerli sakinlərlə maşından düşmədən aparılan qısa söhbətlər zamanı onlardan bir çoxu bu iğtişaşın davam edəcəyini bildirmişdir.
24 yanvar 2013-cü il tarixdə saat 17 radələrində İsmayıllı şəhəri, Nərimanov küçəsində yerləşən rayon təhsil şöbəsinin binasının qarşısında olarkən kütləvi iğtişaşların təşkilinə, polis əməkdaşlarına müqavimət göstərməsinə yönələn hər hansı hərəkətlər etməmişdir.
Həbs olunan Müsavat başqanının müavini, jurnalist Tofiq Yaqublu ifadəsində deyib:
- Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Yaqublu Tofiq Rəşid oğlu özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməsə də, ifadələrində 24.01.2013-cü il tarixdə İsmayıllı şəhərinə getməsi, kütləvi iğtişaşların baş verdiyi şəhər mərkəzində olması faktlarını etiraf etmişdir.
O, ifadələrində 23 yanvar 2013-cü il tarixdən 24 yanvar 2013-cü il tarixə keçən gecə İsmayıllı şəhərində baş vermiş məlum hadisələrlə bağlı məlumatlar əldə etmək məqsədi ilə “Azadlıq” qəzetinin müxbiri Qələndər Muxtarlı, fotoreportyor Mehman Kərimli ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla 24.01.2013-cü ildə saat 12-13 radələrində Bakı şəhərindən İsmayıllı rayonuna getdiklərini, saat 15:00 radələrində İsmayıllı şəhərinə çatdıqlarını, rayon icra hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən “Unibank”ın filialının qarşısında maşını saxladıqlarını və oradan piyada icra hakimiyyətinin binası qarşısına gəldiklərini, icra hakimiyyətinin inzibati binasının qarşısında olan meydanda müxalif mətbuat nümayəndələrini gördüyünü, meydanda olarkən onları heç kimin müşayiət etmədiyini, ümumiyyətlə İsmayıllı şəhərində onu heç kimin qarşılamadığını, meydana daxil olarkən orada əvvəllər tanıdığı İlqar Məmmədovu gördüyünü, onunla salamlaşdıqdan sonra hadisələri vizual müşahidə edərək mövcud şəraiti izlədiyini, meydanda çoxlu polis əməkdaşlarını, təxminən 8-10 nəfərdən ibarət 25-30 yaşlarından bir qrup şəxsi gördüyünü, həmin adamlardan heç kimi tanımadığını, kim olduqlarını bilmədiyini, yerli sakin olduqlarını güman edərək yanlarına yaxınlaşdığını, hadisə barədə onlardan məlumat aldığını, həmin adamların ona rayon icra hakimiyyəti başçısının istefasını tələb etdiklərini bildirdiklərini, bu şəxslərlə söhbətin çox qısa çəkdiyini, oraya yaxınlaşan polis əməkdaşlarını görən həmin şəxslərin dağılışdıqlarını, özü isə “Unibank”ın filialı tərəfdəki meydanın girəcəyinə qayıtdığını, bundan sonra hər hansı şəxslər tərəfindən aksiya keçirilmədiyini, tanımadığı mülki geyimdə olan iki nəfər şəxsin onu maşına mindirib polis idarəsinə apardıqlarını, şöbədə aparılan söhbət zamanı İsmayıllı rayonunu tərk etməsinin xahiş olunduğunu, onlara işini bitirdiyindən Bakı şəhərinə qayıdacağını bildirdiyini, 24 yanvar 2013-cü il tarixdə İsmayıllı şəhərində və rayon polis şöbəsində olarkən polis əməkdaşları və digər şəxslər tərəfindən hər hansı fiziki zora, hücuma məruz qalmadığını, İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında olan meydanda insanlar arasında təbliğat işləri aparmadığını, onları ictimai qaydanı pozmağa, polis əməkdaşlarına tabe olmamağa, yolları bağlamağa və şəhərin mərkəzinə girmək üçün polis əməkdaşlarına tərəf daş atmağa təhrik etmədiyini göstərmişdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?