Xəbər verdiyimiz kimi "ATV" telekanalında Xoşqədəm Hidayət qızının apardığı "Səni axtarıram", Zaur Baxşəliyevin "Ümid var" verilişlərindən şikayət olunub. Belə ki, etiraz imzaları 4 quruma - Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) göndəriləcək.
"Qafqazinfo" teleqraf.com-a istinadən xəbər verir ki, artıq ATV rəhbərliyi də məsələyə münasibət bildirib.
"Azad Azərbaycan" Televiziya Şirkətinin mətbuat əlaqələndiricisi Vaqif Aydınoğlu imzatoplama aksiyasını birtərəfli yanaşma hesab edir: "Müəyyən vaxtlarda verilişlərimizdə azyaşlılarla bağlı müəyyən faktlar olub. Biz də telekanalımızın daxili qanunvericiliyinə uyğun olaraq öz tədbirimizi görmüşük. Ancaq çox yaxşı olardı ki, həmin qurum hər iki layihə ilə bağlı olaraq daha konseptual layihələrə üz tutsun. Çünki həm "Səni axtarıram", həm də "Ümid var" verilişində bir çox sosial yönümlü, ailədaxili problemlərlə bağlı addımlar atıb və həmin problemlərin həllinə nail olunub. Nəticədə neçə-neçə ailəyə sevinc bəxş edilib. Bu verilişlər həm də vətəndaşların hüquqi savadlanması baxımından faydalıdır".
Vaqif Aydınoğlunun fikrincə, bütün sahələrdə nöqsan tapmaq çox asandır: "Əsas məsələ yaxşını yaxşı kimi qiymətləndirməkdir. Uşaqların verilişə çıxarılması mütəmadi hal alsaydı, onlarla razılaşardım. Verilişin bir-iki yayımında bu faktla qarşılaşıblarsa, bu o demək deyil ki, uşaqlar vasitəyə çevrilib. Həmin faktlara görə də verilişin yaradıcı heyətinə xəbərdarlıq etmişik. Bu, təbii bir haldır, istənilən istiqamətli televiziya verilişində çatışmazlıq olanda kanal daxilində xəbərdarlıq edirik ki, belə olmaz".
Sorğu
Yeni dizaynımız necədir?