S.Əsgərov qanunsuz olaraq iki gün 15-ci bölmədə saxlanılıb, sonra Sabunçu Rayon Polis İdarəsinə aparılıb, orada işgəncələrə məruz qalıb, döyülüb
gundemxeber.az
Çərşənbə günü Media Mərkəzində keçirilən mətbuat konfransında «Bərabər İmkanlar Mərkəzi» İctimai Birliyinin rəhbəri Rafiq Təmrazov polis özbaşınalığından danışıb. Onun sözlərinə görə, Laçın rayonundan olan 20 yaşlı məcburi köçkün Sənan Əsgərov dekabrın 12-də zorla Sabunçu rayonu 15-ci polis bölməsinə aparılıb. Onu oğurluğu etiraf etməsinə dair ifadə almaq üçün döyüblər. Digər məcburi köçkünlər kimi S.Əsgərov da Pirşağı qəsəbəsindəki qaçqın düşərgəsində yaşayır, heç yerdə işləmir, gündəlik işlə dolanır. Polis hesab edir ki, bu qəsəbədə baş vermiş oğurluqda əli var. S.Əsgərov qanunsuz olaraq iki gün 15-ci bölmədə saxlanılıb. Sonra Sabunçu Rayon Polis İdarəsinə aparılıb, orada işgəncələrə məruz qalıb, döyülüb. Sənanın sözlərinə görə, onu Ədalət adlı əməkdaş döyüb. Sabunçu Polis İdarəsində Ədalət Əliyev adlı şəxs var və o, cinayət-axtarış şöbəsinin rəisidir. S.Əsgərov amansızcasına döyüldükdən sonra dekabrın 14-də Kürdəxanı təcridxanasına aparılıb, ona dövlət vəkili təyin edilib. Vəkil Qurban Kazımov müttəhimin bədənində çoxsaylı işgəncə və döyülmə izlərinin olduğunu aşkar edib. R.Təmrazov bildirib ki, S.Əsgərovun qohumları DİN rəhbəri, baş prokuror və ombudsmana müraciət yazıblar. Bundan sonra Ədalət yenidən Kürdəxanı təcridxanasına Sənanın yanına gedib, yenidən onu amansızcasına döyüb və növbəti dəfə «onu buraxacağını» vəd edib. R.Təmrazov hesab edir ki, polis göstəriciləri yaxşılaşdırmaq üçün üstü açılmamış cinayətləri Sənanın üzərinə atmaq istəyir. Lakin hətta işgəncələr altında da bu, baş tutmayıb. Hazırda ona qarşı CM-in 177.2.3, 177.2.4 (oğurluq) maddələri ilə cinayət işi qaldırılıb. Lakin sübut yoxdur. S.Əsgərovun anası Raisa, çoxsaylı qonşular mətbuat konfransında iştirak ediblər. Onlar bildiriblər ki, uşaqlıqdan tanıdıqları Sənanda oğurluğa meyllik olmayıb. Hamısı onu yaxşı tanıdıqlarını, onun düzgün adam olduğunu qeyd ediblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?