Bu gün səhər saatlarında Bakının Nobel prospektində zəncirvarı qəza baş verib.
Virtualaz.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə iki “Mercedes”, “Audi”, “Toyota Pajero”, “Hyundai” və “Medi Klub”a məxsus təcilli tibbi yardım avtomobillərinin toqquşması nəticəsində “Mercedes”lərdən birinin sürücüsü ölüb, bir neçə nəfər isə yaralanıb. Onun meyiti hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən maşından çıxarılıb.
Hadisənin baş verdiyi Neftayırma zavodunun qarşısından şəhərə və əks istiqamətə - Əhmədlidəki “Nargilə” kafesinədək ərazidə böyük tıxac yaranıb.
APA-nın məlumatına görə, Nəqliyyat Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi qəza ilə bağlı sürücülərə müraciət edib.
Müraciətdə bildirilir ki, adıçəkilən prospektdə, Neftayırma zavodunun qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar şəhər istiqamətində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. Sürücülərə alternativ yollardan (Babək pr.) istifadə etmələri tövsiyə olunur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?