Zaqatalada atəşə tutulan avtomobildə də silah aşkarlanıb; hüquq-mühafizə orqanları hələ susur; hadisənin kriminal “razborka”, yaxud terror aktı olduğu məlum deyil
Bu gün günün ikinci yarısında Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində baş vermiş ciddi silahlı insident barədə hüquq-mühafizə orqanları hələ də rəsmi açıqlama yaymayıb.
Nəticədə “Hyundai Elantra” markalı avtomobilin sərnişinlərinin “Kalaşnikov” avtomatından yaylım atəşinə tutulması, 3 nəfərin ölməsi, 1 nəfərin isə yaralanması (yaralının sonrakı aqibəti barədə məlumat yoxdur) hadisəsinin kriminal “razborka”, yaxud terror aktı olduğu məlum deyil.
ANS telekanalının bölgə müxbirinin xəbərinə əsasən hadisə Zaqatala rayonundakı “Şimşək” restoranı yaxınlığında baş verib. Hadisə yerindən çəkilmiş videokadrlardan məlum olur ki, ağ rəngdə olan “Hyundai” avtomobili güllələrdən deşik-deşikdir. Hadisə yerində avtomat patronunun gilizləri gözə dəyir.
Bildirilir ki, avtomobilə atəş onunla eyni istiqamətdə, yəni Balakən rayonuna doğru hərəkət edən başqa avtomobildən açılıb. Gülləyə tutulan avtomobilə baxış zamanı onun içərisindən odlu silah aşkarlandığı bildirilir. “Hyundai” markalı avtomobil Balakən rayon sakini Əliqayev Vüsal Xəlil oğluna məxsusdur.
Virtualaz.org saytının əməkdaşının internetdə apardığı araşdırma zamanı bu ad və soyadlı şəxsin adının hansısa kriminal insidentdə hallanmasına rast gəlinməyib. Qeyd edək ki, “Əliqayev” familiyası Balakəndə geniş yayılıb və rayon Əmək və Əhalinin Sosial Müdafiəsi mərkəzindən ünvanlı sosial yardım alan bu soyadlı xeyli adamın adına rast gəlmək olar.
Bu hadisə ölkə əhalisinin etnik tərkibi baxımdan həssas bölgəsində, eyni zamanda hər gün terror hücumlarının və yaraqlılarla döyüşlərin getdiyi Dağıstanla həmsərhəd bölgədə baş verir. Bu bölgədə radikal dini cərəyanların güclü olduğu da heç kimə sirr deyil. Hadisənin motivləri barədə hələlik heç bir informasiya yoxdur, lakin məlum olan budur ki, bölgədə hələ də “Kalaşnikov”larla silahlanmış ünsürlər mövcuddur və onlar günün-günorta çağı magistral yolda bu cür silahlı hücum həyata keçirə biləcək dərəcədə cəsarətlidirlər.
2000-ci illərin əvvəllərində bölgədə Hacı Maqomedovun silahlı dəstəsinin fəaliyyətini yəqin çoxları yaddan çıxarmayıb. Azərbaycan hakimiyyəti o vaxt Maqomedovun dəstəsini zərərsizləşdirmək və bölgədə asayişi təmin etmək üçün xeyli qüvvə sərf etməli olmuşdu.
Sorğu
Yeni dizaynımız necədir?