Büdcədən onlara heç nə düşmədi: maaşları maksimum 15 manat arta bilər
Milli Məclis 2013-cü ilin dövlət büdcəsini təsdiqlədi. İndi Azərbaycandakı ayrı-ayrı sosial təbəqələrdən olan insanlar səbirsizliklə gələn ilin əvvəlini gözləyirlər ki, hökumət büdcə təşkilatlarında çalışanların əməkhaqlarını nə qədər artıracaq. Bunu ən çox gözləyənlər isə dövlət büdcəsindən maliyyələşən təhsil və səhiyyə müəssisələrində çalışan müəllim və həkimlərdir. Məlumat üçün bildirək ki, hələ 2013-cü ilin dövlət büdcəsi Milli Məclisdə müzakirəyə çıxarılanda maliyyə naziri Samir Şərifov demişdi ki, gələn ilin büdcə zərfində əmək haqlarının artımı ilə bağlı maddələr nəzərdə tutulub. Nazir müəllimlərin və həkimlərin də maaşının artırılacağını qeyd etsə də, artımın neçə faiz ola biləcəyini açıqlamayıb. Bununla bağlı açıqlama verən iqtisadçı Rövşən Ağayevin fikrincə, təqdim olunan büdcədə ciddi əməkhaqqı artımı görünmür. Onun fikrincə, növbəti ilin dövlət büdcəsində sosial sahələrdə maaş artımı 1-2 faiz təşkil edə bilər: “Ola bilər ki, ilin ortasında hökumət büdcəyə dəyişiklik etsin və həmin dəyişikliklərdə təhsil və səhiyyə işçilərinin əməkhaqlarının artırılması mümkün olsun. Amma hələ ki, belə bir şey gözlənilmir. İndi təqdim olunan büdcədə ciddi əməkhaqqı artımı görünmür”. İqtisadçı deyir ki, hökumət gələn il üçün daha çox hüquq-mühafizə sistemi, nazirliklər, komitələr və ali dövlət orqanlarında çalışanların əməkhaqlarını artırmağı planlaşdırıb. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə bu fikirlə razılaşmır. O, açıqlamasında deyib ki, gələn il müəllimlərin və həkimlərin maaşı 1-2 faiz deyil, 10 faiz artırılacaq: “Gələn il büdcədən maliyyələşən təhsil və səhiyyə müəssisələrində çalışanların əməkhaqları 10 faiz artırılacaq. Dünyanın heç bir yerində birdən-birə maaşlarda bu qədər artım baş vermir”. Qeyd edək ki, hazırda Azərbaycanda müəllim və həkimlər ən aşağı maaş alan büdcə işçiləridir. Məsələn, orta məktəbdə çalışan müəllimlər şagirdlərin sayından və ümumtəhsil məktəbinin tipindən və əmək stajından asılı olaraq, vahid tarif cədvəli ayda 150-230 manat məvacib alırlar. Həkimlərin orta aylıq əmək haqqı 150-200 manat təkil edir. Göründüyü kimi seçkilərdə hakimiyyətin əsas dayağına çevrilən həkim və müəllimlər bu dəfə də hakimiyyətin yadından çıxdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?