Bakıda Rusiyanın “Nikoil” bankının yeni baş ofisinin açılışı olub. Açılış mərasimində bankın səhmdarları, “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, “İSR Holding”in prezidenti İsgəndər Xəlilov və Nikolay Tsvetkov iştirak ediblər.
Açılış mərasimində “Nikoil Azerbaijan” bankının idarə heyətinin rəhbəri Vasili Hamaza bildirib ki, bank bu ili 2-2,5 milyon dollar təmiz gəlirlə başa vurmağa hazırlaşır. Onun sözlərinə görə, bank Azərbaycan bazarında yaxın 5 il üçün inkişaf strategiyasını işləyib başa çatdırmaq üzrədir. İlin sonunadək bank daha bir filial açmağa hazırlaşır. V.Hamaza deyib ki, bank ilin sonunadək kredit portfelini 225-230 milyon dollara çatdıracaq.
“Nikoil” bankın nəzarət səhm paketi (56,38 faiz) “Topaz İnvestment” şirkətinə məxsusdur. Bankın səhmlərinin 28,74 faizinə “Nikoil” Qapalı Səhmdar Cəmiyyəti nəzarət edir, səhmlərin 13 faizi “Uralsib-İnvest”də, 1 faizi isə “İRS Holding”dədir.
Açılış mərasimində çıxış edən V.Ələkbərov Azərbaycanda münbit investisiya şəraitinin mövcud olduğunu deyib. Onun sözlərinə görə, bu şərait ölkəyə iri investisiyaların cəlb olunmasına imkan yaradır.
V.Ələkbərov onu da deyib ki, “LUKoil”un əsas diqqəti “Şahdəniz” layihəsinə yönəlib və şirkət Xəzərdəki başqa neft-qaz layihələrində iştirakı planlaşdırmır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?