Sosial şəbəkədə Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində dekabrın 1-də baş vermiş silahlı insidentlə bağlı məlumatlar yayılıb.
Xəbərdə iddia olunur ki, mayor rütbəli bir hərbçimizin ölümü, yüksək rütbəli daha iki zabitin yaralanması ilə nəticələnən bu qanlı hadisə daxili “razborka” zamanı baş verib. Belə ki, iddialara görə, münaqişə zamanı hərbçi öz yoldaşlarını güllələyib.
Bu iddiaya münasibət öyrənmək üçün Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti ilə əlaqə saxladıq.
Mətbuat xidmətindən virtualaz.org saytına verilən məlumatda isə hadisə ilə bağlı araşdırma aparıldığını dedilər: “Hadisə ilə bağlı hələlik araşdırma aparılır. Rəsmi məlumat olmadan mətbuata əlavə məlumatlar verə bilmərik”.
Mətbuat xidmətindən hadisənin daxili “razborka” olması versiyasını nə təkzib, nə də təsdiq etdilər: “Son sözü araşdırmadan sonra söyləyə bilərik”.
Qeyd edək ki, Dövlət Sərhəd Xidməti faktla bağlı rəsmi məlumat yayıb. Xəbərdə deyilir ki, 01 dekabr, 2013-cü il tarixdə saat 19:30 radələrində Dövlət Sərhəd Xidməti Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində sərhəd pozucularının qarşısının alınması zamanı silahlı insident baş verib, bir nəfər hərbi qulluqçu həlak olub, iki nəfər isə yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Lakin hərbçilərə atəş açan şəxs və ya şəxslərin yaxalanıb-yaxalanmadığı haqqında məlumat verilmir. Hadisəni törədən şəxslərin Azərbaycan, yoxsa İran vətəndaşları olub-olmadığı da bildirilmir.
Hərbi Prokurorluğun mətbuat xidmətindən isə virtualaz.org saytına bildirdilər ki, gün ərzində bu hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?