Tarif Şurasının qiymət artımı ilə bağlı 2 dekabr qərarının iqtisadi, sosial nəticələri ilə yanaşı hüquqi proseduralara uyğunluğu və legitimliyi də müzakirə mövzusudur. Hüquqşünas İntiqam Əliyev “Turan”a açıqlamasında bu barədə danışıb.
Onun qənaətinə görə, Tarif Şurasının qərarı Milli Məclisin səlahiyyətlərinə müdaxilədir: “Konstitusiyanın 94-cü maddəsi maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlərlə bağlı məsələləri Milli Məclisin səlahiyyətinə aid edir. Konstitusiyanın 95-ci maddəsinə əsasən, ölkə prezidentinin təqdimatı ilə dövlət büdcəsinin təsdiqi və onun icrasına nəzarət parlamentin həll etdiyi məsələlərə aiddir. Tarif Şurasının qərarı konstitusiyanın qeyd olunan müddəalarına zidd olduğu üçün qanuni deyil. Onun statusu, tərkibinin formalaşdırılması, qərarların qəbulu qaydaları ilə bağlı da çoxlu sual var”.
İntiqam Əliyev bildirib ki, “Təbii inhisarlar haqqında” qanun qiymətlərin (tariflərin)
tənzimlənməsi üsullarını tətbiq etmək üçün əsasların dairəsini də dəqiq müəyyən edir: “Qanun deyir ki, təbii inhisarları tənzimləyən orqanlar tənzimləmə üsullarını tətbiq etmə qərarını o zaman verməlidir ki, keyfiyyət artımına və bu tələbatın ödənilməsində stimullaşdırıcı rol oynasın. Qanun qiymət tənzimlənməsi zamanı mütləq nəzərə alınmalı olan hallar arasında həmçinin əmtəənin istehsal və ya satış xərclərini, o cümlədən əməkhaqqını, xammal və materialların dəyərini; vergiləri və digər ödənişləri; faktiki və proqnozlaşdırılan mənfəəti, istehsal olunan və ya satılan əmtəənin keyfiyyətinin və kəmiyyətinin istehlakçıların tələbatına uyğunluğunu qeyd edir. Sənəd qiymətlər qalxan zaman dövlət dotasiyaları və dövlət yardımı ilə bağlı digər tədbirlərin nəzərdə tutulmasının vacibliyini də vurğulayır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?