İndi sadə amerikalının təsəvvüründə uğurlu ailə cütlüyü formulu belədir – Mişel+Barak. Belə ideal ailə hər bir siyasətçinin imici üçün əla görüntü yaradardı. Mişel emosiyalarını açıq şəkildə bildirmək qabiliyyətinə malik bir peyk kimi Barakın daima yanındadır.
İkinci müddətə prezident seçildikdən sonra bu sevinci yaşayan Obamanın xanımını möhkəmcə qucaqladığı şəklin sosial şəbəkələrdə cütlüyün ən populyar görüntüsü olması heç də təsadüf deyildi. Bu fotonu Mişel belə şərh etmişdi: “Seçki marafonu çox gərgin idi və sona yaxın mən onu demək olar ki, görmürdüm. Çox darıxmışdım. Buna görə də səhnədə onunla belə qucaqlaşdıq. Mən onu qucaqlamağı sevirəm”.
“Ailə xoşbəxtliyinizin səbəbi nədir?” sualına onların hər ikisi belə cavab verir: “Bütün cütlüklər kimi bizim də həyatımızda enişlər, yoxuşlar olur. Əsas odur ki, çətinlikləri birlikdə dəf edəsən və gülümsəyəsən”.
Ənənəvi dəyərlər
ABŞ-ın ən populyar birinci ledisi olana qədər Mişel La Von Robinson yüksək cəmiyyətə məxsus qızlar kimi ciddi tərbiyə və yüksək təhsil almışdı. Baxmayaraq ki, Mişel çox sadə bir ailədə böyümüşdü. Onun atası muzdlu işçi, anası isə katibə işləyirdi. Bununla yanaşı, Mişel öz nəsil şəcərəsi ilə fəxr edirdi. Həm atasının, həm də anasının qul nəslindən olmasına baxmayaraq...
Mişel və qardaşı dünyaya gəldikdən sonra anaları özünü övladlarına və evinə həsr etmişdi. Beləliklə, qız milli ənənələrə malik bir evdə böyümüşdü – ata işdə, ana evdə, axşamlar isə hamı şam yeməyində masa ətrafında. İstirahət günləri isə bütün ailə kilsəyə gedirdi.
Hələ məktəbdə Mişel öz istedadı ilə seçilirdi. Və istedadlı uşaqlar dərnəyinə gedirdi. Məktəbdən sonra o, Priston Universitetində, Harvard Universitetinin Hüquq məktəbində təhsil aldı. Təhsilini başa vurduqdan sonra hüquq firmasında, Çikaqo meriyasında, Çikaqo Universiteti nəzdində akademik tibb mərkəzində işlədi. Mişel tez və inamla karyera pillələri ilə irəliləyirdi. Gələcəyə dəqiq planlar qururdu. Amma inana bilməzdi ki, onun uğurlu irəliləyişi əri ilə birlikdə onu haralara gətirib çıxaracaq.
Qadınların əhatəsində
Mişeldən fərqli olaraq Barak Hüseyn Obamanın fəxr edə biləcəyi tarixi kökləri yox idi. Onun valideynləri Harvard Universitetinin rus dili kurslarında tanış olmuşdu. Atası xarici tələbə kimi universitetdə təqaüdlə oxuyurdu. Yeri gəlmişkən, Barak Obama Havayda doğulan ilk ABŞ prezidentidir.
Barakın valideynləri onun hələ 3 yaşı olanda boşanmışdı. Bundan sonra isə uşağın tərbiyəsi ilə nənəsi məşğul olmuşdu. Valideynlərin ayrılmasından sonra evin əsas çörək qazananı nənə oldu. Orta təhsilli olmasına baxmayaraq, o, Havay bankının vitse-prezidenti vəzifəsinə qədər yüksəlmişdi. Barak sonralar deyəcəkdi ki, qadın hüquqlarını qoruyan biri olduğuna görə, məhz anasına və nənəsinə borcludur.
Qadınların əhatəsində Barak özünü yaxşı hiss edirdi. O, heç də ideal bir gənc deyildi. Çünki bir çox şeylərə zəhmətsiz nail olmuşdu. Sonralar Barak etiraf edəcəkdi ki, məktəb vaxtı marixuana çəkib, kokaindən istifadə edib və alkoqollu içkilər içib. Amma o, heç vaxt qırmızı xətti keçmirdi. Harda dayanmaq lazım olduğunu bilirdi. Çünki anasını və nənəsini məyus etmək istəmirdi.
Məktəbdən sonra Los-Ancelesdə Qərb kollecində, Kolumbiya Universitetində oxuyan Barak bakalavr dərəcəsi alır. Nyu-York elmi tədqiqat mərkəzinin beynəlxalq biznes korporasiyasında işləyir. 1988-ci ildə Barak Harvard Universitetinə daxil olur. Tətil günlərində isə “Sidli Ostin” hüquq firmasında köməkçi işləyir. Və elə burada da taleyüklü görüş baş tutur.
Sehirli öpüş
İş elə gətirir ki, Mişel gənc hüquqşünasa nəzarət etmək tapşırığı alır. Çox tezliklə birgə fəaliyyət daha böyük məna kəsb etməyə başlayır. Hətta Barak öz himayəçisini görüşə dəvət etməyə cəsarət edir. Amma qız əvvəlcə imtina edir. Bir neçə cəhdi uğursuz alınsa da, sonunda Barak razılıq almağa nail olur. Onların ilk öpüşü Çikaqo ticarət mərkəzinin yanında olur.
Yeri gəlmişkən, illər ötəndən sonra burada öpüşən cütlüyün təsviri olan xatirə daşı qoyulacaqdı və Barak Obamanın sitatı yazılacaqdı: “Mən onu öpdüm və şokolad dadı hiss etdim”
Şokolad dadı isə onların öpüşməzdən əvvəl yedikləri Baskin Robins dondurmasından idi.
Üç il sonra sevgililərin toyu oldu. Mişel deyirdi ki, görüşdükləri ilk günlərdəki şübhələrinə baxmayaraq, Barakın anası və nənəsi haqqında necə məhəbbətlə danışdığını eşidəndə ona vurulmuşdu. Barak isə lap əvvəldən bilirdi ki, arzularının qadınına rast gəlib.
“Onların toyu sanki möcüzəyə bənzəyirdi. Barak və Mişel xoşbəxtlikdən sanki işıq saçırdılar”- deyə, dostları xatırlayırdılar.
Sınaq
Hamıda olduğu kimi, Obama cütlüyü də gənc vaxtlarında çox sınaqlar yaşayır. Barak dostlarına şikayət edir ki, Mişel daima hər şeyə danışır. Mişel isə Barakın xorultusundan gileylənirdi. Bir də onun işdə ləngiməsindən. İlk qızları Malinin doğuşundan sonra məsələ bir az da qəlizləşdi. Qızın bütün yükünü çəkən Mişel Barakı hər şeyi öz ambisiyalarına qurban verməkdə günahlandırırdı.
Barak siyasi karyera dalınca gedəndə Mişel ilk vaxtlar bu fikri bəyənmədi. Çünki siyasət pul gətirmirdi və ailə çətinliklər çəkirdi. Mişel hesab edirdi ki, hüquq firmasında işləyib bundan daha çox pul qazanmaq olar.
Cütlüyün ikinci qızı Nataşa dünyaya gələndə vəziyyət son dərəcə gərgin idi. Ağıllı və savadlı Mişel evdə oturmalı idi, əri isə öz sevimli işi ilə məşğul olurdu.
Mişel gileylənirdi: “Mən düşünməzdim ki, qızlarımı tək böyüdəcəm”. Obama isə cavab verirdi: “Mən kömək etmək istəyirəm, amma tənqidlər zəhləmi tökür”.
Az keçmir cütlük ciddi problemlə üz-üzə qalır. Ailənin kiçik qızı xəstəxanaya düşür. Diaqnoz çox pis idi – miningit. Barak bütün işini atır və 3 gün Mişellə birlikdə çarpayının yanından ayrılmır. “Məni xəstəxanadakı o palatadan başqa heç nə maraqlandırmırdı. Nə iş, nə görüşlər, nə də gələcək planlar”.
Birlikdə sükan arxasında
Qızları sağaldıqdan sonra Mişel əri qarşısında ultimatum qoydu: öz ailəni siyasi karyeranın bir hissəsinə çevir. Çox maraqlı idi ki, siyasi karyerası irəlilədikcə Barak ailəsinə daha çox vaxt ayırmağa başladı.
Mişel də daha çox ərinə vaxt ayırırdı. Və o, ərinin gizli məsləhətçisinə çevrilirdi. Barak gizlətmirdi ki, o, bir çox məsələləri məhz Mişellə məsləhətləşir. Mişel onun çıxışlarını hazırlayır, imicini formalaşdırırdı. O, vaxtını boşuna sərf etməmişdi. Təsadüfi deyildi ki, 2010-cu ildə “Forbes” onu ilin ən nüfuzlu qadını elan etmişdi.
Barak bildirirdi ki, çoxları prezidentin ləyaqətindən bəhs edir, amma heç kim birinci ledinin ləyaqətindən bəhs etmir. Mişel bütün dövlət işlərində mühüm yer tutmaqla yanaşı, həm də ABŞ-ın ən dəbli xanımı statusu qazandı.
“The Times” qəzeti yazır ki, Mişel özündə üç cəhəti birləşdirən unukal qadındır: ərinə dayaq olan, müstəqil və dəblə ayaqlaşan. Buna görə də onu yeni formasiyanın və gələcəyin ledisi adlandırırlar.
Bir dəfə birinci ledi şortda, futbolkada prezident təyyarəsindən endi. Prezidentin siyasi ətrafı bunu protokol qaydasının pozulması kimi qiymətləndirdi. Amma əndişə yersiz idi, çünki birinci ledinin yüngül geyimi ətrafdakıların diqqətini iqtisadi böhrandan yayındırdı.
Ötən il Barak və Mişel toylarının 20 illiyini qeyd etdi. Qrafikinin gərgin olmasına baxmayaraq, Barak romantik bir şam yeməyinə vaxt tapdı. Deməli, karyera və ailəni bir araya gətirmək olar, yetər ki, həm kişi, həm də qadın buna öz töhfəsini versin.
İndi Barak və Mişel Obamaların Ağ ev tarixində bir-birini ən çox sevən cütlük kimi qalmaq şansı var. Axı onlar bütün dünyada dillər əzbəri olan sevgiləri ilə sehrli bir nağıl yarada biliblər...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?