Bu gün Moskvanın Presnensk Rayon Məhkəməsi Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbs müddətinin uzadılması barədə vəsatətə baxacaq. Bu barədə məhkəmənin mətbuat katibi Nina Yurkova açıqlama verib.
Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub.
Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər.
Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini etiraf edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?