Dekabrın 11-də gecə Sumqayıt şəhərində polislə vəhhabi təriqətinin üzvləri olduğu deyilən şəxslər arasında baş vermiş atışma ilə bağlı Daxili İşlər Nazirliyinin rəsmi mövqeyini öyrənmək istədik.
DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə virtualaz.org saytının sorğusuna cavab olaraq bildirdi ki, hadisə ilə bağlı rəsmi açıqlama hazırlanır. Həmin məlumat bu gün günün ikinci yarısında rəsmən yayılacaq: “Hadisənin detalları ilə bağlı araşdırmalar hələ davam edir. İctimaiyyətin marağı nəzərə alınaraq əlavə açıqlama veriləcək”.
Nazirlik rəsmisi bir qrup şəxslə polis əməkdaşları arasında baş verən hadisə zamanı polislərdən yaralananların olub-olmaması barədə suala cavab vermək istəmədi. O, həmçinin atışmada iştirak edən şəxslərin vəhhabi təriqətinin üzvləri olması ehtimallarını şərh etmədi: “Hələlik işin detalları araşdırılır, ona görə də bu sualları cavablandıra bilmirəm”.
DİN-in mövqeyini anlamaq olar. Bütün təfərrüatlar barədə müfəssəl bilgilər əldə edilməyənə qədər hər hansı olay barədə rəsmi açıqlama vermək məqbul sayılmır. Amma hadisədən az qala yarım sutka keçir. Bu müddət ərzində isə ilkin məlumat yaymaq olardı. Üstəlik bu gün belə xəbərlər də yayılıb ki, həmin atışmada polislər iştirak etməyiblər. Bəs onda oradakı ikinci tərəf kim olub?
Bütün bu suallar isə ictimai maraq, hətta narahatlıq doğurmaya bilməz. Çünki rəsmi, inandırıcı, dolğun və dəqiq məlumatlar yayılmayanda adətən şayiələr yayılır. Biz hər halda rəsmi açıqlamanın tezliklə yayılacağına ümid edirik.
* * * (01:12)
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən ərazini mühasirəyə alıb
Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında baş vermiş atışma nəticəsində yaralanan şəxslərin adları məlum olub. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yaralılar 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir. Onlar hazırda xəstəxanaya yerləşdirilib.
Sumqayıt Şəhər Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Nadir Təkvəlinin APA-ya verdiyi məlumata görə, həmi şəxslər xəstəxanaya ağır qəlpə yaraları ilə yerləşdirilib. O, yaralıların vəziyyətinin orta-ağır kimi qiymətləndirildiyini bildirib.
Qeyd edək ki, silahlı şəxslərin zərərsizləşdirilməsi əməliyyatı Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.
* * * 00:44
Sumqayıtdakı mənbələrdən virtualaz.org-a bildirildiyinə görə, şahidlər kafedə güllə səsləri ilə yanaşı partlayış da eşidiblər.
İstisna deyil ki, atışmaya girənlərdən biri qumbara atıb. İnsident zamanı neçə nəfərin xəsarət aldığının açıqlanmır, ancaq şahidlər kafenin ətrafında qan izlərinin göründüyünü deyirlər.
Hadisənin 10-cu mikrorayonda, 21-ci binanın qarşısında baş verdiyi bildirilir. Şahidlərin bildirdiyinə görə, binanın 1-ci mərtəbəsinə və ərazidə olan yük maşınına da güllə dəyib. Hazırda ərazi polis mühasirəsindədir və heç kim hadisənin baş verdiyi yerə buraxılmır. Bir neçə mənbə təsdiq edir ki, atışma vəhhabilərlə polis arasında olub. Ehtimal ki, polis hansısa vəhhabini saxlamaq üçün əməliyyat keçirirmiş.
* * *23:56
Baş verən atışmaya görə həbs olunanlar var.
Hadisə şahidlərinin Qaynar.info-ya verdikləri məlumata görə, hazırda 4 nəfər həbs olunub. Saxlanılanların kimliyi hələ ki, bilinmir.
* * *23:15
Qaynar.info-ya daxil olan son məlumata görə, hadisə nəticəsində ərazidə yaşayanlara da zərər dəyib.
Belə ki, atışma nəticəsində bir neçə maşına ciddi xəsarət dəyib. Ərazidə yaşayan sakinlər evdən çölə buraxılmır.
* * *22:58
Sumqayıtda, 10-cu mikrorayonda atışma olub.
Hadisə şahidlərinin Qaynar.info-ya verdiyi məlumata görə, qeyd olunan ərazidə yerləşən "Soltan" marketin yaxınlığında vəhhabi təriqətindən olanlarla polis əməkdaşları arasında atışma baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində yaralananlar var. Hazırda polis ərazini mühasirəyə alıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?