Bu gün axşam saatlarında Qızıldaş qəsəbə sakinləri aksiya keçiriblər. "Musavat.com"un məlumatına görə, iki yüzə yaxın insan yolu bağlayıb. Hadisə yerindən keçən əməkdaşımız Nərgiz Yaqublu bildirir ki, səbəb dekabrın 28-də Qobustan rayonunda baş verən qəzadır. Aksiya iştirakçıları iddia edirlər ki, qəza yol polisinin avtomobili qovması nəticəsində baş verib. Hadisə nəticəsində səkkiz nəfər dünyasını dəyişib. Onlardan 3 nəfəri qızıldaşlıdır.
Hadisə yerində olan gənc fəal Samir Əsədli isə "musavat.com"a bildirib ki. hazırda polislər aksiya iştirakçıları ilə danışığa gedərək yolun açılmasını istəyirlər. Hadisə yerinə Daxili İşlər Nazirliyinin nümayəndəsinin gəlməsi də gözlənilir.
Aksiya barədə "qaynar.info" saytı da məlumat yayıb. Qeyd edək ki, dekabrın 28-də saat 15 radələrində Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri "VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə yeddi nəfər hadisə yerində, biri isə xəstəxanada dünyasını dəyişib.
Son məlumata görə, qəsəbə sakinləri Müşviq qəsəbəsindəki YPX postunu bağlayıblar. Aksiya iştirakçıları bildirirlər ki, yolu açmaq fikrində deyillər. Onlar səkkiz nəfərin ölümünə səbəb olan yol polisi əməkdaşlarının cavab vermələrini tələb edirlər.
Aksiya saat 00.30 radələrində yekunlaşıb. Hadisə yerinə gələn Abşeron rayon Polis İdarəsinin rəhbərliyi və Daxili İşlər Nazirliyinin nümayəndəsi aksiya iştirakçıları ilə razılığa gələrək dekabrın 30-da onları qəbul edərək problemini dinləyəcəklərini bildiriblər. Bundan sonra sakinlər yolu açıblar. Aksiya iştirakçılarına söz verilib ki, dekabrın 30-da sözügedən qəza ilə bağlı DİN-də həmin vətəndaşların bir qrupu qəbul ediləcək və məsələ araşdırılacaq. S.Əsədli bildirir ki, aksiya iştirakçıları dəhşətli avtoqəzanın polis əməkdaşlarının günahı ucbatından baş verdiyini və əllərində bununla bağlı videoların olduğunu qeyd edirlər. Onlar tələb edirlər ki, istintaq məsələni qanuni şəkildə və obyektiv araşdırsın. Aksiya keçirənlər qəzada ölən üç qızıldaşdaşlının ailə üzvləri, yaxınları və qəsəbə sakinləri olub. Hazırda camaat Qızıldaşa qayıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?