Yanvarın 7-də axşam saatlarında Yasamal rayonu, Alatava qəsəbəsində, Bakı-Astara magistral yoluna çıxışda qəza baş verib.
“KİA-Obitma” markalı 85 CP 111 dövlət nömrə nişanlı avtomobil, Məhərrəm İsmayilov adlı şəxsin idarə etdiyi VAZ 21-011markalı 10 PX 978 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.
Qəzaya səbəb olan avtomobilin sürücüsü və sərnişini özlərini polis əməkdaşları kimi təqdim edərək, qəzaya düşən digər maşındakı şəxslərə qarşı zorakılıq tətbiq ediblər.
AzNews.az-a daxil olan məlumata görə, qəza zamanı VAZ 21011 markalı maşında Məhərrəm İsmayılovun yanında 24 yaşlı oğlu Elimdar İsmayılov da olub. Qəzanı törədən avtomobilin sürücüsü və sərnişinlərinin içkili olduğu da daxil olan məlumatlar arasındadır.
Hadisə şahidlərinin sözlərinə görə, özlərini polis kimi təqdim edən həmin şəxslər qarşı tərəfi təhqir etməklə kifayətlənməyib, hətta ata və oğulu döyməyə başlayıblar. Hər iki şəxsin ağır xəsarətlər aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hadisə yerində olan Milli Şuranın üzvü Cəmil Hacıyev və dostu Niyazi Qurbanov, eləcə də ətrafdakı şəxslər davaya müdaxilə edərək, ata və oğlu onları döyən şəxslərin əlindən almağa çalışıblar. Qarşıdurma nəticəsində C.Hacıyevin dostu Niyazi Qurbanov da xəsarət alıb, zorakılığa məruz qalan Məhərrəm İsmayılovun ayağı sınıb, Elimdar İsmayılov isə kəllə-beyin travması alıb.
Onların ikisi təcili tibbi yardımla Musa Nağıyev adına Xəstəxanaya aparılıb. M.İsmayılov həkim müdaxiləsindən sonra evə buraxılıb. Elimdar İsmayılovun vəziyyəti isə ağır olaraq qalır. M.İsmayılov hadisə ilə əlaqədar DİN-in 102 xidmətinə zəng edib.
Hadisədən bir gün sonra Yasamal rayon Polis İdarəsinin müstəntiqi Tural Hacıyev onların yaşadığı ünvana gələrək, izahat almaqla kifayətlənib.
Milli Şuranın üzvü Cəmil Hacıyev AzNews.az-a faktı təsdiqləyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?