Azərbaycan parlamenti yaz sessiyasında sahibkarların fəaliyyətinə müdaxilə edən məmurlarla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni məsuliyyətlərlə bağlı əlavələri müzakirə edəcək.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, ötən ilin yaz sessiyasında Azərbaycanda yeni qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələblərini pozan yoxlayıcı məmurların cinayət və inzibati məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq olaraq hər iki məcəlləyə müvafiq maddələr əlavə olunacaq.
Bu maddələrə görə, yeni qanunda təsbit olunan risk qruplarına müvafiq olaraq təyin olunmuş vaxtdan kənar sahibkarları mexaniki və inzibati yanlışlıq üzündən yoxlayanlar inzibati məsuliyyətə cəlb olunacaq. Bura müvafiq olaraq müxtəlif dərəcəli inzibati cəza tədbirləri, maaşların müvafiq mislində cərimələr, eyni zamanda vəzifədən azad olma daxildir. Bilərəkdən, vəzifəsindən sui-istifadə edərək yoxlayanlar, sahibkarın fəaliyyətinə ciddi zərər vuranlar isə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bununla bağlı Cinayət Məcəlləsinə nəzərdə tutulan əlavələr arasında azadlıqdan məhrumetmə də var ki, bura ictimai işlərlə yanaşı, işin motivindən asılı olaraq 1, 3 və 6 ilə qədər azadlıqdan məhrum etmə ilə bağlı təkliflər də daxildir. Məcəllələrə edilən əlavələrlə bağlı layihə qanunun tam olaraq qəbulundan dərhal sonra müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, yeni qəbul olunmuş qanunda üç risk qrupu müəyyənləşib. Yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupunda - iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupunda - üç ildə bir dəfədən çox olmayaraq, plan üzrə, yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır. Həmçinin yoxlamaların elektron uçotu aparılmalıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?