Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində rəqqasə və gənc müğənni restoran sahibi tərəfindən döyülüb.
AzNews.az xəbər verir ki, ANS televiziyasına müraciət edən zərərçəkənlər rəqqasə Nigar Göksal və müğənni Bəxtiyar Bilal bu iddia ilə çıxış ediblər.
Döyüldüyünü iddia edən Bəxtiyar Bilal bir neçə gün əvvəl həmin restoranda keçirilən məclislərin birində müğənni kimi iştirak etdiyini deyib. Bəxtiyar həmin məclisin sonunda ona çatacaq 300 manat pulu almaq üçün ötən axşam yenidən həmin məkana gəlib.
Müğənni restorana tanışı rəqqasə Nigarla birlikdə yollanıb. Amma burada onları tamaşaçı alqışlarına yox, restoran sahibinin şillə-təpiyinə qonaq ediblər.
“Bəxtiyar dedi ki, pulumu ala bilmirəm, həm də maşınsızam, apar məni ora. Orada dedilər ki, pulu vermirik və bizi döydülər”, - deyə Nigar Göksal bildirib.
Zərərçəkənlər onların bir yox, bir neçə şəxs tərəfindən döyüldüdüklərini bildirdilər.
“Orada bizim üstümüzə cumdular. Ana, bacı söyüşü söydülər. İndi pulu istəmirəm, istəyirəm ki, bizi döyənlər cəzalandırılsın”, - deyə Bəxtiyar Bilal bildirib.
Məlumat verilən kimi hadisə yerinə Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları cəlb edilib. Amma həmin restoranın sahibini obyektə tapmaq mümkün olmayıb.
Bölmədən verilən məlumata görə, artıq zərərçəkənlərin izahatları alınıb. Hazırda rəqqasə Nigar və müğənni Bəxtiyarı döyən restoran sahibinin axtarışları aparılır. Hadisə ilə bağlı həmin şəxsin də ifadəsi alınandan sonra baş verən insidentə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, hadisə zamanı döyülən Bəxtiyar Bilal Azərbaycanın Xalq artisti müğənni Bilal Əliyevin bacısıoğludu.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?