İsmayıllı rayonunda meşədə başlanan yanğının qarşısı alınıb.
Bu barədə İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev məlumat verib.
Komissiya sədri qeyd edib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib: “İndiyə olan məlumata görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Hazırda bəzi tüstüləmə nöqtələri qalıb ki, həmin ərazilər də nəzarətə götürülüb. Yanğının miqyasının genişlənməsi mümkün deyil”.
R.Ağayev qeyd edib ki, hadisə rayonun Zərgəran və Tircan kəndlərinin ərazisindəki meşə zolağının kənarında baş verib: “Ağaclara ciddi ziyan dəyməyib. Ərazidə örüş sahəsində başlanan yanğın nəticəsində kol-kos yanıb. Hadisə yaşayış məntəqəsindən aralı olduğu üçün kəndlərə heç bir təhlükə olmayıb”.
***
Bu gün saat 14:30 radələrində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin Zərgəran kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, yanğının söndürülməsi üçün dərhal əraziyə ETSN və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının nümayəndələri cəlb olunub.
Yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ tədbirlər görülür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?