“Bu maşın o yoldan keçməz, qardaş…Kəndin o tayına getməyə ancaq “Vilis”lərin gücü çatır.
Burda Şirəli dayının həyətində maşını saxlayarıq, 5 manat verib “Vilis”lə gedərik. Görmeyrsənmi yol daşlıq-dağlıqdır, çayın ortasında ilişib qalarıq…”
…Gədəbəyin mərkəzindən İvanovka kəndinə təxminən 60 kilometrlik bir yolumuz var. Bu yolun təqribən 45-50 kilometrini elə rahat sürmüşük, deyərsən Bakıda belə asfalt yoxdur.
Saratovka-İvanovka yolu illərlə keçilməz olub, atla, “Vilis” və “Niva”larla gedib-gəliblər. Camaatın nə zülm çəkdiyini sözlə ifadə eləmək olmur.
Amma yolu axıra qədər düzəltməyiblər. Ona görə asfaltın son qarışına qədər maşını sürüb ən sonuncu evin həyətinə maşını əmanət edirik və İvanovkanın o tayına – çaykənarındakı evlərə tərəf “Vilis”lə yola düşməli oluruq.
Və bu enişli-yoxuşlu, daşlı-çınqıllı, darmadağın olmuş yollarda böyrək daşının müalicəsi üçün gözəl şərait var.
“Vilis” bizi sanki o daşdan bu daşa çırpır, yerimizdə hoppanıb düşürük, çayın içindən bir emosiya ilə keçirik ki, görən dünyanın axırına çatdığımızı zənn edər.
Hərçənd, dövlətin büdcəsindən vəsait ayrılanda Saratovka-İvanovka yolunu axıra qədər düzəltmək tapşırılmışdı. Çi fayda?!
***
Nəhayət, bu məşəqqətli yolu keçərək İvanovkanın çayqırağına çatırıq. Öyrənirik ki, burda kimisə qəfil ağrı tutsa, halı isləşsə Allahın ümidinə qalır.
Çünki, kənd uşaqlarının “Vilis”i İvanovkada olmadısa, yıxıl, öl! Necə ki, biz həftə sonu sübh tezdən Bakıya qayıtmaq üçün “Vilis”in şoferinə zəng edəndə bu dəhşətli vəziyyətlə qarşılaşdıq.
Bələdçimiz dedi ki, çarə yoxdur, bu yüksəklikləri, dərə-təpələri aşaraq, çox ellər dolaşaraq gedib Şirəli dayının həyətinə çatmalıyıq, maşınımızı ordan götürüb yola düşməliyik.
Bizi kəndə gətirən “Vilis”in sürücüsü işi çıxdığı üçün lap tezdən oyanıb yola düşmüşdü, kənddə başqa maşın da tapa bilmədik və kor-peşman çiynimizdə yükümüzlə kəsmə yol tapıb azı 7-8 kilometr getməli olduq.
Kənd camaatı deyir ki, bu yolu soyub-soyub quyruğunda saxlayıblar, bizi kəndin o tayından ayırıblar.
Gədəbəy rayon rəhbərliyinin bütün keçmiş başçıları da bu problemə biganə qalıblar. Elə bil ki, Arazın o tayı ilə bu tayıdır…
***
Ən tragikomik mənzərə isə Gədəbəyin 200-2005-ci illərdə icra başçısı olmuş Nazim Veyisovun vaxtında olmuş hadisədir.
Belə ki, çayın o başından evlərə tərəf keçmək üçün əndərabadi bir kiçik körpü tikilib. N.Veyisov bəh-bəhlə körpününü açılışında iştirak edir, lent kəsir, analoqsuz inkişafdan dəm vurur.
Amma heç bir gün də keçmir, elə lentin kəsildiyi gün çaya sel gəlir və o analoqsuz inkişafın körpüsünü yuyub aparır.
İvanovka camaatı bilmir ki, bu halına gülsün yoxsa ağlasın. Ona görə kəndlilər öz hesabına min bir əziyyətlə taxta körpü düzəldiblər ki, hər ikisini lentə almışıq.
Ondan sonra Gədəbəyə Kamran Rzazadə, sonra dünənə qədər Ramiz Yediyarov kimi məmurlar icra başçılığı ediblər. Onlar da “yanan barmağa su tökməyiblər”.
Əksinə, biri Gədəbəyin düşməndən azad etdiyi Başkəndin gölünü məhv edərək, balıqlarını Rusiya bazarlarına daşıyıb, biri İvanovka-Saratovka arasındakı şamlıq meşənin kütləvi şəkildə məhvinə göz yumub, nəticədə meşələri oksigensiz, camaatı qazsız qoymaqdadırlar ki, bu barədə növbəti reportajlarda xəbər tutacaqsız.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?