Bazar ertəsi günü İsmayıllı rayonunun Şəbiyan, Keyvəndi və Pirəbilqasım kəndləri ərazisində yerləşən kolluq-meşə sahəsindəki yanğınların hazırda lokallaşdırılması aparılır. Fövqəladə Hallar Nazirliyinin (FHN) sözçüsü Gülçin Mediyeva bildirib.
O, BBC News Azərbaycancaya deyib ki, hazırda yanğının lokallaşdırılması istiqamətində işlər görülür.
"Yanğının səbəbləri və əhatə etdiyi ərazi ilə bağlı hələlik dəqiq məlumat yoxdur", o əlavə edib.
Onun sözlərinə görə, indiyədək Lənkəran, Quba və Yardımlı rayonlarının dağlıq zonalarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb.
"Oğuz, Qəbələ, Ağsu, İsmayıllıda baş vermiş yanğınlar lokallaşdırılıb və hazırda tam söndürülməsi istiqamətində işlər görülür", - qurum sözçüsü əlavə edib.
Gülçin Mehdiyeva FHN tərəfindən "yanğın baş vermiş ərazilərə ümumilikdə, 900-dən artıq canlı qüvvə, 70-ə yaxın texnika, 3 ədəd helikopter və 1 ədəd "BE 200 ÇS" tipli amfibiya təyyarəsinin cəlb edildiyini" vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?