Şamaxı şəhəri, Qədirli küçəsi, ev 69 ünvanında yaşayan Rövşən Əli oğlu Qasımov prezident İlham Əliyevə müraciət edib.
Şikayətçinin müraciəti 30 ildən çoxdur yaşadığı evindən qonşuları Vidadi və Ellada Nuriyevlər tərəfindən təzyiqlərə məruz qalaraq çıxarılması cəhdi ilə bağlıdır:
“Otuz bir ildir yaşadığım evimdən məni çıxarmaq istəyirlər. Bunun üçün hər yola əl atırlar. Hətta saxta sənədlər düzəldərək, məhkəmələrdə süründürürlər. Həyat yoldaşım ikinci qrup əlildir, özümün də 65 yaşım var, pensiyaçı adamam. Bu yaşdan sonra hara gedəcəyik, necə yaşayacağıq?”
1988-ci ildə Şamaxı Mərkəzi Rayon Xəstəxanasında şüa-diaqnostikası həkimi kimi fəaliyyətə başlayan Rövşən Qasımov elə həmin il gənc mütəxəssis olduğu üçün dövlət tərəfindən 110 kvadratlıq ev və təxminən 3 sot da həyətyanı torpaq sahəsi ilə təmin olunub.
1997-ci ildən Vidadi və Ellada Nuriyevlər onların qonşuluğuna köçüb. 2008-ci ildən isə aralarında torpaq çəkişməsi başlayıb.
“Məhkəmələrin ədalətsiz qərarlarından cana doymuşam. Dəfələrlə Xarici İşlər Nazirliyinə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident İlham Əliyevə, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Məhkəmə Hüquq Şurasına, Baş Prokurorluğa -hərəsinə yalan olmasın, on-on beş dəfə məktub yazmışam. Eyni cavab gəlir: məhkəməyə müraciət elə. Məhkəmə də bax belə haqsız qərarlar qəbul edir. Axırda dözmədim, xarici işlər naziri Elmar Məmmədyarova məktub yazdım ki, əgər bizim Azərbaycanda yaşamaq hüququmuz yoxdursa, imkan verin, xaricə gedək, belə haqsızlıq olmaz”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?