İllərdir müvafiq qurumlara şikayət edilsə də, sakinlərin dərdlərinə əlac edən yoxdur; Anar Nəcəfli: “2023-cü ilədək Bakının qəsəbədaxili yollarının təmiri yekunlaşacaq...”
Sabunçu rayonu, Yeni Balaxanı massivində yaşayan əhali yolsuzluq problemindən əziyyət çəkir. Sakinlər indiyə qədər dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, problemin həlli istiqamətində addım atılmır.
“Yeni Müsavat”ın əməkdaşı olaraq ərazidə olduğumuz zaman doğrudan da qəsəbə daxilindəki yolların böyük əksəriyyətinin torpaq və çınqıllı yollar olduğunu müşahidə etdik. Hətta elə yollar gördük ki, oradan minik avtomobilinin keçməsi belə müşkül məsələdir.
Öncə arayış verək ki, köhnə balaxanılıların vaxtilə öz aralarında “fazenda”, “bağ Əlisəfa” adlandırdıqları keçmiş əkin sahəsi indi Yeni Balaxanı yaşayış massivinə çevrilib. Köhnə Balaxanının Zabrat istiqamətində olan yüzlərlə hektar sahəsində 1988-ci ilədək daha çox taxıl əkilib. Həmin il ərazidə əkin işləri dayandırılıb və torpaq istifadəsiz qalıb. 1990-cı illərin əvvəlində isə hissə-hissə satılmağa başlayıb. Beləcə, 90-cı illərdə burada ilk evlər görünüb. İndi isə orada yaşayan əhalinin sayı 15 mini keçib və günbəgün artmaqda davam edir. Ərazidə torpaq sahələri heç də ucuz deyil. Sənədli torpaqların 1 sotu 5-7 min manatdır. Bakının mərkəzindən 5-6 kilometr məsafədə olan qəsəbə əsrlər öncənin xarabalığını xatırladır. Doğrudur, ərazidə hündür, görünüşlü evlər tikilib. Ancaq buna rəğmən, yollar bərbad gündədir. Sakinlərlə söhbətimiz zamanı bildirdilər ki, burada gözə görünən asfalt yolları da sakinlər özləri çəkdiriblər.
Sakin Elnur Məmmədovun sözlərinə görə, yol problemini dəfələrlə qabardaraq ictimailəşdiriblər: “Ancaq heç bir faydası yoxdur. Burada yaşayan əhalinin sayı günbəgün artır. Şəhərə yaxın olduğu üçün camaat bu ərazilərdən torpaq almağa maraq göstərir. Ona görə də ərazi başdan-başa 2-3 mərtəbəli evlərdir. Buna baxmayaraq, burada nə normal marşrut işləyir, nə də yol var. Avtobus sürücüləri deyirlər ki, qəsəbəyə normal avtobusun verilməməsinin səbəbi də yollardır. Bura 105 nömrəli avtobus işləyir ki, o da ”Razin"i fırlanıb, buradan keçib, yenidən kənd Balaxanını fırlanaraq geri qayıdır. Yəni buradan metronun “Koroğlu” stansiyasına olan 10 dəqiqəlik yolu avtobusla 40 dəqiqəyə güclə gedirsən. Avtobus balaca və köhnə olduğu üçün çox zaman yolda xarab olur. Xarab da olmayanda pik saatlarda minmək mümkün olmur. Buranın yolları o qədər bərbaddır ki, taksilər də işləmək istəmirlər. Ölkə prezidenti çıxışında dedi ki, qəsəbədaxili yollar torpaq, çınqıl qala bilməz. Xahiş edirik ki, müvafiq qurumlar bizi də nəzərə alsınlar".
Digər sakin Rüstəm Xəlilov bildirdi ki, ərazidə hər hansı bir uşaq bağçası, normal məktəb də mövcud deyil: “Ona görə də biz hər gün uşaqları şəhərə məktəbə aparırıq. Heç olmasa, yolumuz normal olsa, şəhərə gedib-gəlməkdə də əziyyət çəkmərik. Başa düşürük ki, burada məktəb tikməkdən daha asanı yol çəkməkdir. Ona görə də xahişimiz ilk növbədə odur ki, yollarımız, marşrut problemimiz aradan qalxsın. Bizə yaxşı olar ki, 2 marşrut ayırsınlar. Hazırda 105 nömrəli avtobusla kənd Balaxanıya getmək üçün bütün ”Fazenda"nı fırlanmalısan. Ancaq kənd Balaxanıya işləyən avtobus ayrılsa, yəni iki növbə olsa, o zaman heç olmasa az əziyyət çəkərik. Bu məsələni də dəfələrlə qabartmışıq. Hər dəfə bizə deyirlər ki, düzələcək, ancaq düzəlmir. Ölkə prezidenti sağ olsun ki, xalqla tez-tez görüşür, insanların problemlərini həll edir. Ancaq bəzi məmurlar bunu etmək fikrində deyillər. Əgər bəzi məmurlar insanları düşünsəydilər, buranın yolları, marşrut xətti belə olmazdı. Hər gün burada yeni ev tikilir. Ancaq infrastruktur qurulmur ki, qurulmur".
Digər sakinlər də oxşar problemlər səsləndirdilər. Doğrudan da müşahidə etdik ki, asfaltlanan yol belə yarımçıqdır. Belə ki, ərazidə yerləşən beton zavodundan bir qədər irəlidə asfaltlanmayan hissə var ki, sakinlər ən çox bu hissədən narazılıqlarını bildirdilər: “Digər yollar yararsızdır və bunu bilib ora maşınla girmirik. Zavodun yanında isə hər yan asfaltdır, ortada boş yer qoyublar. Sürücülərin maşınları xarab olur, piyadaların üst-başı batır. Bu hissəni 2 il öncə belə saxladılar ki, hava isinən kimi bərpa edəcəklər. Üstündən 2 il keçsə də, nəticə yoxdur”.
Bakı Nəqliyyat Agentliyi bildirir ki, Yeni Balaxanıdakı marşrut problemi ilə bağlı məlumatlıdırlar və bu istiqamətdə lazımi addımlar atılacaq.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə “Yeni Müsavat”a dedi ki, qəsəbədaxili yollara uzun illərdir icra hakimiyyətləri və bələdiyyələr baxırdı: “Bu ildən isə cənab prezidentin tapşırığı ilə həmin yollar da bizim qurum tərəfindən təmir ediləcək. Uzun illərdir ki, bu yollarda problem yaşanırdı. Yəni çınqıl örtüklü, torpaq əsaslı yollar idi. Xüsusən payız-qış mövsümündə çox ciddi problemlər yaşanırdı. Bu problemlərin aradan qaldırılması üçün ölkə başçısı bizim qurumun qarşısında Bakı şəhərinin qəsəbələrarası yolları ilə yanaşı, qəsəbədaxili yollarının da təmir işləri barədə tapşırıq qoyub. Yəni bu yollar da asfalt-beton örtüyü ilə örtüləcək. Bakı şəhərinin 60 qəsəbəsi üzrə 2200 kilometr daxili küçələrin asfaltlanmasına ehtiyac var. Bu il 300 kilometrə yaxın yolda təmir işləri aparmışıq. Gələn il də bu işlər davam edəcək. Onu da deyim ki, Bakı şəhəri və qəsəbələrinin yollarının təmirini əhatə edən tədbirlər planı hazırlanıb. 2023-cü ilə qədər biz Bakı şəhərinin qəsəbədaxili yollarının təmir işlərini həyata keçirib, yekunlaşdıracağıq. Bu işlərin çərçivəsində Balaxanının yolları da təmir olunacaq”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?