İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov və Kommunal Müəssisələr Kombinatının direktoru olmuş Vidadi Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Nahid Mirzəyevin icraatına verilib.
Qeyd edək ki, M.Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilib və müəyyən edilib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12 400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib. Bununla yanaşı, baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.
İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Ona Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) maddədi ilə də ittiham verilib./report.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?